Özbəkistan noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Konfransında (COP31) “Buz stupası” (Ice Stupa) texnologiyasından istifadə etməklə süni buzlaq yaradılması üzrə ilk layihəsini təqdim edib.
Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsinin məlumatına görə, "FOLUR-Uzbekistan" layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirilir. Layihə su ehtiyatlarının qorunmasına, torpaqların bərpasına və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqinə yönəlib. Təşəbbüs Mərkəzi Asiyada su təhlükəsizliyinin artırılmasını və iqlim dəyişikliklərinə davamlılığın gücləndirilməsini nəzərdə tutur.
Layihənin qiymətləndirmələrinə əsasən, 2050-ci ilədək Özbəkistanda su ehtiyatlarının əlçatanlığı 30-40 faiz azala, suvarma suyuna tələbat isə 25 faiz arta bilər. Ölkədə su çatışmazlığının 2015-ci ildəki təxminən 3 milyard kubmetrdən 2030-cu ilədək 7 milyard kubmetrə, 2050-ci ilədək isə 15 milyard kubmetrə çatacağı gözlənilir.
Bu problemlərin həlli məqsədilə Özbəkistan Qlobal Ekologiya Fondunun (GEF) maliyyələşdirdiyi FAO-nun Ərzaq Sistemlərinin Transformasiyası, Torpaqdan İstifadə və Torpaqların Bərpası (FOLUR) proqramı çərçivəsində ilk dəfə “Buz stupası” texnologiyasını tətbiq edib.
Ölkədə ilk pilot süni buzlaq Kaşkadərya vilayətinin Şahrisabz rayonunun Sarçeşmə ərazisində yaradılıb. Sistem 2026-cı il yanvarın 9-da işə salınıb. O, elektrik nasoslarından istifadə etmədən fəaliyyət göstərməyə imkan verən təbii yüksəklik fərqinə və su təzyiqinə əsaslanır.
İlkin sınaq zamanı qurğu təxminən 800 kubmetr buz toplayıb. Sonradan buzun əriməsi nəticəsində əldə olunan sudan yerli 60-a yaxın ev təsərrüfatı istifadə edib. Bu, texnologiyanın qış aylarında su ehtiyatlarının toplanması və onlardan suya tələbatın artdığı dövrlərdə istifadə olunması potensialını nümayiş etdirib.
“Buz stupası” texnologiyası mövcud su mənbələrindən suyun xüsusi layihələndirilmiş borular vasitəsilə ötürülməsini və havaya püskürdülməsini nəzərdə tutur. Aşağı temperatur şəraitində su donaraq tədricən iri süni buz quruluşu əmələ gətirir. Yaz və yay aylarında buz əriyərək əlavə su mənbəyi yaradır.
Texnologiyanın quraq dağlıq ərazilərdə su təchizatını yaxşılaşdıracağı, kənd təsərrüfatı fəaliyyətini dəstəkləyəcəyi və yerli icmaları əlavə su ehtiyatları ilə təmin edəcəyi gözlənilir. Eyni zamanda, suyun nisbətən bol olduğu dövrlərdə ehtiyatların toplanması hesabına quraqlığa və digər iqlim təhlükələrinə qarşı davamlılığın artırılmasına imkan verəcək.
Layihənin həyata keçirilməsi Özbəkistanın təbiətə əsaslanan həllərin tətbiqini genişləndirmək, su və torpaq ehtiyatlarının idarə olunmasının səmərəliliyini artırmaq istiqamətində səylərini əks etdirir.