COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb

Antalyada davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasındakı (COP31) Azərbaycan pavilyonunda “İqlim zəkası: Daha dayanıqlı gələcək üçün rəqəmsal alətlər” mövzusunda müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə baş tutan sessiyada rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında və uyğunlaşmasında rolunun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb, qlobal iqlim dəyişmələri ilə mübarizəyə Azərbaycanın da töhfə verdiyi ifadə edilib.

Viskonsin-Madison Universitetinin professoru Mutlu Özdoğan su resurslarının idarə olunması və kənd təsərrüfatı sahəsində dayanıqlığın artırılması üçün rəqəmsal alətlərin vacibliyini vurğulayıb. O, COP31-in milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına yeni imkanlar açdığını bildirərək qlobal çağırışlara uyğun olaraq yaşıl texnologiya və yaşıl iqtisadiyyatın sürətlə inkişaf etməli olduğunu diqqətə çatdırıb.

Müzakirə iştirakçıları COP31-in təşəbbüslərinin iqlim dəyişmələrinə qarşı qlobal səyləri birləşdirmək və dayanıqlı gələcəyin qurulmasına töhfə verməyi hədəflədiyini bildiriblər.