Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 yolunda əsas hadisədir.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib.
“Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyinin elan edilməsindən sonra iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün müxtəlif sektorlardan bütün nümayəndələrin aktiv mobilizasiyası başlayıb. Bu prosesdə Azərbaycan BMT ilə, COP29 sədrlik komandası ilə, hökumət, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları, elmi icma və gənclərlə sıx əməkdaşlıq edir.
Mənim xüsusilə qürur duyduğum əsas təşəbbüslərimizdən biri iqlim üzrə aparıcı ekspertlərlə 29 müzakirədən ibarət olan layihələrimizdir. Eyni zamanda, COP29-a gedən yolda əsas hadisə Bakı İqlim Fəaliyyəti Həftəsidir”, - o qeyd edib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.