Yaxın Şərqdə hərbi əməliyyatların davamı birjalardakı gərginliyin ömrünü uzadacaq

Ötən gecə ABŞ Prezidenti Donald Trampın xalqa müraciətindən sonra dünya bazarında neftin qiyməti bir qədər də artdı. ABŞ Prezidenti nitqində İranın İsfahanda saxladığı uranı ələ keçirmək üçün hərbi əməliyyatların davam edəcəyini bildirməsinə birjalar dərhal reaksiya verdilər.

AZƏRTAC xəbər verir ki, D. Trampın müraciətindən sonra Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 6,6 dollar artaraq 107,76 dollar olub. Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 5,64 dollar artaraq 105,76 dollar təşkil edib.

Qiymətlərin artdığın görən rəsmi Vaşinqton Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigesi Maliyyə Nazirliyinin sanksiya siyahısından çıxarıb. Bununla yanaşı ABŞ Rusiyaya qarşı tətbiq edilən bir sıra sanksiyaları ləğv edib ki, dünya bazarında tələb ilə təklif arasındakı balans bərpa olsun. Lakin Hörmüz boğazının bağlı qalması dünya bazarının gündəlik tələbatının ödənilməsinə imkan vermir.

ABŞ Prezidentinin xalqa müraciətindən sonra Asiya birjalarında dövlətlərin iqtisadi indeksləri aşağı düşüb. Tokio birjasında “Nikkei” indeksi 1,4, Cənubi Koreyanın “Kospi” indeksi 3,4, Honkonqun “Hang Seng” indeksi isə 0,8 faiz dəyər itirib. Asiya ölkələrinin “iqtisadi burulğan”a düşmələrinin əsas səbəbi onların Yaxın Şərqdən ixrac edilən enerji daşıyıcılarından asılı olmasıdır. Avropa isə sanksiyalara baxmayaraq qismən Rusiya, Azərbayca və ABŞ-dan baha da olsa sıxılmış qaz və xam neft ala bilir.

“Associated Press” agentliyi iqtisadi ekspertlərə istinadla bildirib ki, ABŞ-ın İranı raket zərbələri davam etdikcə birjalarda gərginlik yaşanacaq. Hərbi əməliyyatların davamı birjalardakı gərginliyin ömrünü uzadacaq.

Hazırda Hörmüz boğazında neft tankerləri də daxil olmaqla 400 gəmi açıq dənizdə qalaraq İranın qərarını gözləyir. Agentlik qeyd edir ki, ABŞ-ın Hörmüz boğazını zorla ələ keçirmək niyyəti daha ağır nəticələrə gətirib çıxara bilər.