Bu ölkədə pilotlar çatışmır

Polşa Hərbi Hava Qüvvələrində "F-16" qırıcıları üçün ciddi pilot çatışmazlığı yaşanmaqdadır.

Bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Polşanın malik olduğu bu tipli 47 qırıcının normal istismarı üçün ən azı 70 hazırlıqlı pilot tələb olunur. Lakin hazırda Polşa "F-16"larını cəmi 40 pilot idarə edir.

 

“Rzeczpospolita”nın yazdığına görə, Polşa Hərbi Hava Qüvvələrində "F-16" pilotlarının çatışmazlığının səbəbləri arasında kadr hazırlığındakı çətinliklər, eləcə də pilotların əksəriyyətinin ABŞ-dən alınmış daha müasir beşinci nəsil "F-35" qırıcılarını idarə etmək istəyi var.

Polşa 2003-cü ildə ABŞ ilə 3,6 milyard dollar dəyərində 48 "F-16" qırıcısının alınmasına dair müqavilə imzalayıb. Qırıcıların bütün partiyası 2006–2008-ci illərdə Polşaya çatdırılıb.

2025-ci il avqustun 28-də bir F-16 qırıcısı Radom şəhəri yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.