Hava çirkliliyinin tərkibindəki xırda hissəciklər beyinin immun sisteminə mənfi təsir göstərərək Altsheymer xəstəliyi və digər demensiya formalarının yaranma riskini artıra bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Case Western Reserve Universitetinin alimlərinin apardığı araşdırmada bildirilib. “Journal of Neuroinflammation” nəşrində dərc olunan tədqiqat çərçivəsində Böyük Britaniyada təxminən 500 min nəfərin sağlamlıq məlumatları təhlil edilib. Nəticələrə görə, hava çirkliliyinin yüksək olduğu ərazilərdə yaşayan insanların Altsheymer xəstəliyinə və digər demensiya formalarına tutulma riski daha təmiz ərazilərdə yaşayanlarla müqayisədə 25 faiz yüksəkdir.
Siçanlar üzərində aparılan təcrübələr də hava çirkliliyinin yaddaş pozuntularına, beyin iltihabına və qan-beyin baryerinin zədələnməsinə səbəb ola biləcəyini göstərib.
Alimlərin fikrincə, nəqliyyat vasitələri, sənaye müəssisələri və meşə yanğınlarından yaranan PM2.5 adlı xırda hissəciklər beyinin immun hüceyrələrinin fəaliyyətini dəyişdirərək sinir hüceyrələrinə zərər verə bilər.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr hava çirkliliyinin beyin sağlamlığına təsirinin öyrənilməsi və demensiya riskinin azaldılması istiqamətində yeni imkanlar yarada bilər.