İranda tanınmış müğənni Pəristu Əhmədiyə, eləcə də onun musiqi qrupunun və çəkiliş heyətinin dörd üzvünə şallaq cəzası verib. Onların hər biri 74 şallaq zərbəsi alıb.
BBC-nin məlumatına görə, cəzaya səbəb Əhmədinin hicabsız çıxış etməsi olub.
Vəkillərin bildirdiyinə görə, cəza 2024-cü ildə müğənninin "YouTube" kanalında canlı yayımlanan və hakimiyyət orqanlarının diqqətini çəkən konsertin keçirildiyi Qum şəhərində icra olunub. Həmin vaxt 29 yaşlı sənətçi çiyinləri açıq paltarda və başıaçıq şəkildə səhnəyə çıxıb.
2026-cı ilin iyununda Qum şəhərinin cinayət məhkəməsi müğənnini və daha səkkiz nəfəri “ictimai əxlaqa həqarətdə”, “ədəbsiz və nalayiq materiallar” yaymaqda təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları rədd ediblər.
Şallaq cəzası ictimaiyyət qarşısında icra olunmayıb. Məhkumların vəkillərindən birinin sözlərinə görə, cəza Qum şəhərində Cinayət Cəzalarının İcrası İdarəsinin üçüncü bölməsində həyata keçirilib.
74 şallaq zərbəsi ilə yanaşı, məhkumlara iki il müddətində video və audio materiallar çəkmək, habelə ölkədən çıxmaq qadağan edilib.