Nigar Arpadarai: Qadınların həqiqi gücü onlara verilən imkanlarda deyil, öz potensiallarındadır

Qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi yalnız onlara əlavə səlahiyyətlərin verilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd qadınların idarəetmədə və qərarqəbuletmə proseslərində daha fəal iştirak etmələri, öz potensiallarına güvənərək məsuliyyəti üzərinə götürmələridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzusunda II panel müzakirəsində çıxışı zamanı səsləndirib.

O bildirib ki, qadınların gücü onlara kənardan verilən səlahiyyətlərlə deyil, öz bilikləri, bacarıqları və müstəqil qərarvermə qabiliyyətləri ilə müəyyən olunur. Buna görə də qadınlar öz imkanlarının tanınmasını gözləməklə kifayətlənməməli, idarəetmədə və ictimai həyatda daha fəal iştirak etməyə çalışmalıdırlar.

"Qadın liderliyinin məqsədi patriarxal sistem daxilində uğur qazanmaq deyil. Əsas hədəf qadınların kişilərlə bərabər şəkildə cəmiyyətin idarə olunmasında iştirak etmələri, ortaq gələcək üçün məsuliyyəti bölüşmələri və qərarların qəbulunda söz sahibi olmalarıdır", - deyə Nigar Arpadarai vurğulayıb.