Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış etdilər. Bu görüş təkcə diplomatik protokolun ifadəsi deyil, eyni zamanda, Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin və yeni əməkdaşlıq üfüqlərinin açılmasının təsdiqi kimi dəyərləndirilə bilər. Səsləndirilən bəyanatlarda hər iki ölkənin strateji tərəfdaşlığının tarixi və bugünkü reallıqlar tam əksini tapıb. Prezident İlham Əliyev vurğuladı ki, İtaliya ilə münasibətlər xüsusi bir inkişaf yoluna qədəm qoyub. İtaliya Prezidenti Mattarellanın Azərbaycan ikinci dəfə səfər etməsi onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
O bildirib ki, 2015-ci ildə imzalanmış ilk strateji tərəfdaşlıq sənədi, ardınca isə 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi əlaqələrin institusional çərçivəsini müəyyənləşdirdi. Bu gün həmin sənədlər kağız üzərində qalmamış, praktiki əməkdaşlıqda özünü doğrultmuşdur. Elə TAP layihəsi də siyasi iradənin nəticəsidir. Azərbaycan-İtaliya əməkdaşlığının ən mühüm simvollarından biri Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsidir. Prezident İlham Əliyev qeyd etdi: “Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi”. Bu addım bir daha göstərdi ki, siyasi iradə iqtisadi layihələrin taleyində həlledici rol oynayır. 2020-ci ildən etibarən Azərbaycan qazı TAP vasitəsilə İtaliyaya ixrac olunmağa başladı və bu gün Cənub Qaz Dəhlizi 14 ölkəyə enerji resursları çatdırır. Azərbaycan-İtaliya münasibətləri xüsusilə enerji sahəsində özünü qabarıq göstərir. İtaliya hazırda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Neft və qaz ixracı sahəsində əldə olunmuş uğurlar yalnız iqtisadi maraqların təminatı deyil, həm də qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlığın nəticəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə qərarlaşıb. Bu fakt özü-özlüyündə münasibətlərin miqyasını göstərir.
Deputat bildirib ki, artıq iki ölkə arasındakı enerjidən təhsilə doğru əməkdaşlığın yeni üfüqləri açılıb. Azərbaycanın Avropa İttifaqı ilə elektrik enerjisi ixracı üzrə apardığı danışıqlar strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Prezident İlham Əliyev də bəyan etdi ki, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
“Eyni zamanda, münasibətlərin humanitar ölçüsü də genişlənir. İtaliya-Azərbaycan Universitetinin təsis olunması dostluğun davamlılığını təmin edən mühüm addımdır. Bakı-Roma münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı dialoquna da mühüm dəstək verir. Prezident İlham Əliyev bu barədə dedi: “Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər”. Qürurla demək olar ki, Azərbaycan-İtaliya münasibətləri nümunəvi modelə çevrilib. Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır, həm də regional və qlobal miqyasda örnəkdir. Bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir nümunə ola bilər. İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstək verməsi bu münasibətlərin strateji əhəmiyyətini daha da artırır”, - deyə Səttar Möhbalıyev vurğulayıb.
Onun fikrincə, sentyabrın 30-da verilən bəyanatlar Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələsinin anonsu oldu. Enerji, sənaye, humanitar və təhsil sahələrində artan dinamika bu tərəfdaşlığı daha da gücləndirir. Azərbaycan-İtaliya strateji əməkdaşlığı həm region, həm də beynəlxalq aləm üçün həqiqətən nümunəvi bir modeldir.