Azərbaycanın təşəbbüskar diplomatiyası, balanslaşdırılmış və fəal xarici siyasəti Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin genişlənməsinə səbəb olur.
XXI əsrdə qlobal siyasətin dəyişən geosiyasi mənzərəsi fonunda Azərbaycanın Mərkəzi Asiya ilə formalaşdırdığı vahid əməkdaşlıq formatı getdikcə daha nəzərəçarpan, təsirli və strateji xarakter alır. Bu prosesin əsas səbəbləri sırasında Azərbaycanın geostrateji mövqeyi, nəqliyyat dəhlizləri və digər mühüm amillər xüsusi yer tutur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.
O bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı əlaqələr qədim tarixi bağlara, ortaq mədəni-mənəvi dəyərlərə və eyni sivilizasiya köklərinə söykənir.
Azərbaycan–Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının yeni geosiyasi arxitekturası
"Son illər Azərbaycan–Mərkəzi Asiya münasibətləri yeni mərhələyə qədəm qoyur və bu əlaqələr tədricən regional siyasətin əsas platformasına çevrilməyə başlayır. Bu əməkdaşlıq təkcə coğrafi yaxınlıq və iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda, çoxşaxəli inteqrasiya modelinə transformasiya olunur.
Azərbaycanın geoiqtisadi mövqeyi onun Mərkəzi Asiyanı Qara dəniz, Aralıq dənizi və Avropaya bağlayan əsas tranzit qovşağı kimi rolunu gücləndirir. Orta Dəhliz təşəbbüsü isə regional inteqrasiyanın aparıcı siyasi alətlərindən birinə çevrilir. Hazırda formalaşan əməkdaşlıq modeli nəqliyyat və enerji dəhlizlərinin sinxronlaşdırılması, vahid iqtisadi məkan elementlərinin yaranması, rəqəmsal inteqrasiyanın genişlənməsi, təhsil və elm sahələrində ortaq proqramların tətbiqi, hərbi-siyasi koordinasiyanın dərinləşməsi və humanitar əlaqələrin güclənməsi ilə vahid siyasi mərkəzə çevrilmək perspektivini ortaya qoyur. Bu model həm Azərbaycan, həm də region dövlətlərinin milli maraqlarına xidmət etməklə yanaşı, Avrasiya məkanında yeni geosiyasi düzənin formalaşmasına təsir göstərmək potensialına malikdir.
Eyni zamanda, dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün müxtəlif institusional mexanizmlər formalaşdırılır. Bu mexanizmlər dövlətlərarası siyasətin əlaqələndirilməsi, ümumi standartların müəyyənləşdirilməsi, Mərkəzi Asiyanın regional inkişafının təşviqi və analitik dəstəyin təmin edilməsi kimi mühüm funksiyaları yerinə yetirir.
İnteqrasiya proseslərinin uğurla həyata keçirilməsi isə birbaşa üzv dövlətlərin qarşılıqlı razılaşma və əlaqələndirməsindən asılıdır",- deyə Y. Hacıyeva vurğulayıb.
Politoloq əlavə edib ki, regional birliklərin səmərəliliyini müəyyənləşdirən əsas amillərdən biri onların iqtisadi və hüquqi mühitinin sinxronlaşdırılmasıdır. Bu standartlar regional bazarın vahid fəaliyyətini təmin edir, ölkələr arasında ticarət maneələrini aradan qaldırır və iqtisadi əlaqələrin səmərəliliyini artıraraq inteqrasiya prosesinə təkan verir.
İnteqrasiya birliklərinin strateji hədəflərindən biri də regionların balanslı inkişafını təmin etməklə əməkdaşlığı gücləndirməkdir. Bu istiqamətdə məsləhətçi formatlar regionlararası layihələrin hazırlanmasında və həyata keçirilməsində mühüm rol oynayır.