Qazaxıstanlı ekspert: Azərbaycan-İran-Rusiya anlaşma memorandumu Azərbaycana yeni strateji rol verir

Cənubi Qafqazda və Xəzəryanı regionda formalaşan yeni nəqliyyat-siyasi dinamika fonunda Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli anlaşma memorandumu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin geosiyasi məzmununu nəzərəçarpacaq dərəcədə yeniləyən və gücləndirən strateji sənəd kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında qazaxıstanlı siyasi şərhçi Zamir Karajanov bildirib.

Onun sözlərinə görə, dəhlizin qərb istiqamətinin institusional gücləndirilməsi regionda təkcə logistika effektivliyini deyil, həm də yeni əməkdaşlıq arxitekturasını müəyyənləşdirir. Ekspert qeyd edib ki, Rusiya ilə İran arasında dəmir yolu xətti ilk mərhələdə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsini hədəfləsə də, hazırkı qlobal siyasi konfiqurasiyada bu marşrutun geostrateji çəkisi əhəmiyyətli dərəcədə artıb.

Siyasi şərhçi qeyd edib ki, Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar fonunda Rusiya öz xarici siyasət trayektoriyasını tədricən Cənuba və Şərqə doğru yönəldir. Bu kontekstdə 2023-cü ildən etibarən “Orta Asiya – Mərkəz” qaz kəmərinin “revers” rejimində fəaliyyətə başlaması, Rusiyanın Türküstan regionuna qaz nəqlinə başlaması və eyni zamanda, Özbəkistanı Pakistanla birləşdirəcək dəmir yolu xəttinin gerçəkləşməsinə dəstək verilməsi Moskvanın nəqliyyat və iqtisadi strategiyasında çoxvektorlu xəttin gücləndiyini göstərir.

Zamir Karajanov Azərbaycanın rolunu xüsusi vurğulayaraq deyib: “Coğrafi mövqeyi və mövcud nəqliyyat infrastrukturunun müasirliyi sayəsində Azərbaycan bu logistika konstruksiyasının ayrılmaz hissəsidir. Bakı Rusiya ilə İranı, eləcə də Asiya və Cənub-Şərqi Asiya dövlətlərini birləşdirən əsas körpü funksiyasını yerinə yetirir. Bu, həm tranzit təhlükəsizliyi, həm də regional ticarət dövriyyəsinin şaxələndirilməsi baxımından strateji dəyər kəsb edir”.

“Bu layihələr təkcə alternativ marşrutların genişləndirilməsi üçün deyil, Rusiyanın Asiya və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin dərinləşdirilməsi istiqamətində sistemli addımlardır. “Şimal-Cənub” dəhlizi isə bu siyasətin mərkəzi elementlərindən biridir. Marşrut Suveyş kanalı və Qırmızı dəniz kimi riskli və yüklənmiş qovşaqları yan keçməklə yükdaşımaların təhlükəsizliyini artırır, tranzit müddətini əhəmiyyətli şəkildə qısaldır və Rusiya ilə Asiya bazarları arasında yeni strateji bağlılıq yaradır”, - deyə siyasi şərhçi qeyd edib.

Ekspertin qənaətinə görə, üçtərəfli memorandum təkcə dəhlizin əməliyyat mexanizmlərini təkmilləşdirmir, həm də regionda yeni nəqliyyat-siyasi çərçivə formalaşdırır. Bu çərçivədə Azərbaycan etibarlı tərəfdaş və əsas tranzit mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir.