Maddi-mədəni irs bir millətin kimliyini formalaşdıran, nəsildən-nəslə ötürülən tarixi dəyərdir. Bu baxımdan maddi-mədəni irsin tədqiqi xalqın tarixi keçmişinin daha dərindən anlaşılması, qədim dövrlərdə yaradılan abidələrin tanınması və öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev söyləyib.
O bildirib ki, maddi-mədəni irs xalqların harada və necə yaşadığını təsdiqləyən mühüm dəyərdir. Bu irs yalnız millətlərin kimliyini və tarixi keçmişinin izlərini deyil, həm də onların keçdiyi yolu və hekayələrini özündə əks etdirir. Bu mənada maddi-mədəni irs bir çox hallarda yazılı sənədlərdən daha etibarlı tarixi mənbə hesab olunur. Qərbi Azərbaycanda azərbaycanlıların yaşadıqları dövrlərdə onlar tərəfindən on minlərlə maddi-mədəni irs nümunəsi yaradılıb. Lakin bu nümunələr, xüsusilə azərbaycanlıların deportasiyaya məruz qaldığı 1918-1920-ci, 1947-1953-cü illər, həmçinin 1987-1991-ci illərdən sonrakı dövrlərdə ermənilər tərəfindən məhv edilmiş, sağ qalanlar isə mənimsənilərək hazırda “erməni abidəsi” kimi təqdim olunur.
Ə.Vəliyev qeyd edib ki, tarixi sənədlər, xəritələr və abidələrin quruluş xüsusiyyətləri onların mənşəyini müəyyənləşdirən əsas göstəricilərdir. Bu abidələr aid olduqları tayfaların türk mənşəli olduğunu sübut edir. Məsələn, Qərbi Azərbaycanın müxtəlif bölgələrindəki qəbiristanlıqlarda on minlərlə qəbirüstü abidə, oğuz qəbirləri, at və qoç fiqurlu heykəllər, eləcə də qəbirüstü təsvirlər diqqət çəkir. Qəbir mədəniyyətinə aid sənduqə tipli qəbirlər və digər nümunələr də həmin ərazilərdə azərbaycanlıların yaşadığını təsdiqləyən dəlillərdir.
Onun sözlərinə görə, oradakı türbələr, sərdabələr və məscidlər İslam mədəniyyətinin nümunələridir. 500-dən çox məscid dağıdılsa da, onların izləri bu günədək qalır. Hər bir qəbiristanlıqda rast gəlinən bu abidələr bölgənin Azərbaycan və türk mənşəli tayfalara aid olduğunu göstərir.
Ə.Vəliyev, həmçinin vurğulayıb ki, Qərbi Azərbaycandakı alban məbədlərinin əksəriyyəti xristian-türk tayfaları tərəfindən inşa edilib. Həmin dövrdə tikilmiş türk sərkərdələrinə və Səfəvilər dövrünə aid abidələr bu gün də mövcuddur və bəziləri bərpa edilib. Xristian məbədlərindəki kitabələr və memarlıq xüsusiyyətləri də bu abidələrin türk mənşəyinə işarə edir.
“Bu gün Qərbi Azərbaycan ərazisində azərbaycanlılara aid minlərlə abidə mövcuddur. Bu abidələrdəki yazılar, - istər ərəb-fars əlifbasında, istərsə də Azərbaycan türkcəsində olsun, - həmin ərazilərin Azərbaycana mənsubluğunu göstərir”, – deyə o əlavə edib.