ABŞ ilə Venesuela arasında yaranmış gərginlik dünya bazarında neftin qiymətlərinə təsirsiz ötüşmür. ABŞ-ın Hərbi Dəniz Qüvvələri ara-sıra Venesuelaya məxsus gəmiləri narkotik maddələrin qaçaqmalçılığında ittiham edərək zərbələr endirib. Lakin Prezident Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığından sonra gəmilərin havadan vurulması dayandırılıb.
ABŞ-ın beş böyük bankından biri olan “JP Morgan”ın analitikləri hesab edirlər ki, Vaşinqtonun Venesuelaya mümkün hərbi müdaxiləsi neftin dünya bazarında qısamüddətli bahalaşmasına səbəb ola bilər. Sutkada təxminən 600 min barel neft ixrac edən Venesuela zəngin karbohidrogen ehtiyatlarına malikdir. Venesuela neftinin əsas alıcıları Çin və Cənub-Şərqi Asiyanın digər ölkələridir. Ölkənin coğrafi mövqeyi elədir ki, nefti boru kəmərləri vasitəsilə ixrac etmək imkanı yoxdur. Bu baxımdan hərbi müdaxilə zamanı hasilatın dayanması ilə yanaşı, tankerlərin də limanlara yaxınlaşaraq neft götürməsi mümkünsüz ola bilər.
Lakin Donald Trampı hərbi müdaxilədən çəkindirən əsas səbəblərdən biri ondan ibarətdir ki, silahlı qarşıdurma dünya bazarında neftin qiymətlərini yüksəldə bilər. Bu isə ABŞ Prezidentinin Rusiyaya qarşı tətbiq etdiyi siyasi və iqtisadi təzyiq mexanizmlərini zəiflədəcək. Digər tərəfdən, ABŞ-ın əsas geosiyasi rəqibi olan Çin Venesueladan ucuz neft alaraq iqtisadi inkişafını davam etdirir, geosiyasi nüfuzunu və təsir dairəsini genişləndirir. Bu amil də Vaşinqtonu ciddi şəkildə narahat edir. Məhz bu paradoksun həlli tapılana qədər vəziyyət qeyri-müəyyən olaraq qalır.
Ötən ay Trampın Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı sərt bəyanatlarından və ABŞ hərbi gəmilərinin Karib dənizində Venesuela sahillərinə yaxınlaşmasından sonra beynəlxalq birjalarda neftin qiyməti 62-64 dollardan 65-67 dollaradək yüksəldi. Lakin Konqresdə Prezidentin hərbi ritorikasının bəyənilməməsi fonunda Tramp mövqeyini yumşaltdı və bundan sonra neftin bir barelinin qiyməti yenidən 62-63 dollar diapazonuna düşdü.
Sanksiyalar altında olan Venesuela hazırda məhdud həcmdə neft hasil edir və çıxardığı xam neftin təxminən 80 faizini Çin alır. Dünya neft bazarında Venesuelanın payı cəmi 104 milyon barel təşkil edir. Buna baxmayaraq, ölkə dünya neft ehtiyatlarının təxminən 18 faizinə sahibdir. Lakin dərin iqtisadi və siyasi böhran, sanksiyalar və qeyri-peşəkar idarəetmə Venesuelanı ağır vəziyyətə salıb.
Karakasda fəaliyyət göstərən Hans Zeydel Fondunun rəhbəri Demian Perep “Deutsche Welle”yə bildirib ki, ABŞ-ın əsas məqsədi Venesuelanın enerji resurslarına nəzarəti ələ keçirməkdir. Bununla belə, Trampın sərt bəyanatlarından və Vaşinqtonun sanksiyalarından, eləcə də Karib dənizinə hərbi gəmilərin göndərilməsindən əvvəl də Venesuelada iqtisadi və siyasi vəziyyət ürəkaçan deyildi.
Hazırda ABŞ ilə Venesuela arasında münasibətlər gərgin olaraq qalır. Hərbi əməliyyatların başlanması neftin qiymətlərini yüksəldəcək ki, bu da ABŞ-ın maraqlarına uyğun deyil. Belə bir ssenaridə Rusiya bazardakı boşluğu sürətlə doldura, Çinə neft ixracını artıraraq maliyyə imkanlarını genişləndirə və Ukraynada müharibəni davam etdirmək üçün əlavə resurs əldə edə bilər. Məhz bu səbəbdən Donald Tramp Nikolas Maduro ilə telefon danışığında ona vaxt verdiyini bəyan edib.
ABŞ mətbuatının yazdığına görə, bu vaxt daha çox Trampın özünə lazımdır. O, bu müddətdə bir neçə əsas məsələni həll etməyə çalışır: Ukrayna məsələsində müəyyən irəliləyişə nail olmaq, neftin qiymətini nisbətən ucuz saxlayaraq Rusiyaya təsir imkanlarını qorumaq və qiymətlərin sabit qalması fonunda Federal Ehtiyat Sisteminin uçot dərəcəsini aşağı salmasına nail olmaq. Uçot dərəcəsinin endirilməsi ABŞ iqtisadiyyatında canlanma yarada bilər. İqtisadi artım isə neftə tələbatı artırır və qiymətlərin yüksəlməsinə səbəb olur ki, bu da ABŞ-ın hasil etdiyi “Brent” və WTI markalı nefti Avropa bazarına daha baha qiymətə çıxarmaq üçün əlverişli şərait yaradır.
Donald Tramp, demək olar ki, bütün məsələlərdə olduğu kimi, bu prosesdə də ABŞ-ın iqtisadi və biznes maraqlarını ön planda tutur. Bu isə təəccüb doğurmur.