Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür və bu müddət ərzində formalaşan münasibətlər diplomatik yaxınlıqdan daha geniş və dərin xarakter alıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.
Onun sözlərinə görə, Türkiyə–Azərbaycan əlaqələri tarixi yaddaş, ortaq kimlik və qarşılıqlı etimad üzərində qurulub və klassik müttəfiqlik modellərini aşan özünəməxsus dövlətlərarası münasibət forması yaradıb: “Bu modelin əsasını Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin müəyyən etdiyi strateji baxış təşkil edir. Heydər Əliyev Türkiyə ilə münasibətləri qısamüddətli maraqlar deyil, uzunmüddətli geosiyasi düşüncə kontekstində qiymətləndirib və bu yanaşma Azərbaycanın xarici siyasətində davamlılığın əsas sütununa çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu xəttin qorunması və inkişaf etdirilməsi Türkiyə–Azərbaycan münasibətlərinin fərdi faktorlarla məhdudlaşmayan, institusional dərinliyə malik olduğunu göstərir”.
Ekspert bildirib ki, iqtisadi əlaqələr bu strateji davamlılığın ən real göstəricilərindən biridir. Bakı–Tbilisi–Ceyhan neft kəməri yalnız enerji layihəsi deyil, Xəzər hövzəsindən Aralıq dənizinə uzanan yeni geosiyasi balans xəttinin formalaşması deməkdir. Daha sonra TANAP və qaz ixracı layihələri Türkiyəni enerji keçidində mühüm mərkəzə, Azərbaycanı isə etibarlı təchizatçıya çevirib.
“Türkiyə–Azərbaycan enerji əməkdaşlığı təkcə iqtisadi gəlirlərlə ölçülməməlidir. Bu əməkdaşlıq, eyni zamanda, strateji qarşılıqlı asılılıq, ortaq təhlükəsizlik baxışı və böhranlara davamlılıq yaradır. Qlobal enerji bazarlarında dalğalanmalara baxmayaraq, bu layihələrin sabit fəaliyyəti qurulan modelin möhkəm təməllərə söykəndiyini sübut edir”, - deyə ekspert vurğulayıb.
M.Emir Aksoy ticarət dövriyyəsində artımı müsbət qiymətləndirsə də, mövcud potensialın hələ tam reallaşmadığını bildirib. Onun fikrincə, yüksək əlavə dəyərli sənaye, müdafiə sənayesi, rəqəmsal iqtisadiyyat və maliyyə inteqrasiyası sahələrində daha cəsarətli addımlar atılmalıdır. Xüsusilə müdafiə sənayesində birgə layihələr iqtisadi əməkdaşlığın strateji müstəviyə keçdiyini nümayiş etdirir.
Ekspert Qarabağın işğaldan azad edilməsindən sonra başlayan bərpa və yenidənqurma prosesinin də münasibətlərə yeni ölçü verdiyini deyib: “Türkiyə şirkətlərinin bu ərazilərdə fəaliyyəti iqtisadi əməkdaşlıqdan daha çox, tarixi həmrəyliyin və ortaq taleyin təzahürüdür. Zəngəzur xətti və Orta Dəhliz layihələri Türkiyə–Azərbaycan əlaqələrini ikitərəfli çərçivədən çıxararaq regional və qlobal səviyyəyə daşıyır. Bu marşrutlar Asiya ilə Avropa arasında ticarət zəncirlərində iki ölkənin rolunu gücləndirir və Türk dünyasının inteqrasiyası baxımından tarixi imkan yaradır”.
M.Emir Aksoy sonda qeyd edib ki, bu gün Türkiyə–Azərbaycan münasibətləri regional sabitlik yaradan və qlobal proseslərə təsir göstərən strateji ox kimi formalaşıb. 34 illik diplomatik tarix göstərir ki, bu tərəfdaşlıq təsadüfi deyil, şüurlu strateji seçimin nəticəsidir. Qarşıdakı onillikdə yaşıl enerji, rəqəmsal transformasiya, müdafiə sənayesi və logistika sahələrində atılacaq birgə addımlar bu münasibətlərin gələcəyini müəyyən edəcək. Güclü liderliyə, möhkəm dövlətçilik ideologiyasına və ortaq taleyə əsaslanan bu əlaqələr davamlı şəkildə inkişaf edəcək.