Mərkəzi Asiya-Azərbaycan: Tarixinin ən yüksək səviyyəsinə çatan Azərbaycan-Qırğızıstan münasibətləri - TƏHLİL

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir. Əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu münasibətlər son illərdə aydın strukturlaşdırılmış, praqmatik və dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib. Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar qoyurlar. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır.

 

AZƏRTAC Azərbaycan-Qırğızıstan münasibətlərinə qısa nəzər salır.

Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb.

Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərləri edib.

İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib.

Dövlətimizin başçısı Dövlətlərarası Şuranın 2-ci iclasında çıxışı zamanı həm ikitərəfli münasibətlərin inkişafı, həm də iki ölkənin beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı məsələlərdə, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı dəstək üzrə mövqelərinin tam üst-üstə düşdüyünü bildirib.

Qırğızıstan Prezidenti öz növbəsində qardaş ölkələrimiz arasında münasibətlərin möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulduğunu vurğulayıb.

Münasibətlərdə yeni tarixi mərhələ bu günlərdə Prezident İlham Əliyevin Qırğızıstana nəzərdə tutulan dövlət səfəri ilə başlayır. Səfər çərçivəsində dövlətimizin başçısı Qırğızıstan Prezidenti ilə görüşəcək, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edəcək. Eyni zamanda, Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri ən yüksək müstəviyə qaldıracaq “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması da gözlənilir. Bu sənədlə Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksələcək.

İntensiv təmaslar parlamentlər səviyyəsində də davam edir. 2022-ci və 2023-cü illərdə Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanda işgüzar səfərlərdə olub. Bakı və Bişkek, eləcə də Quba və Kant şəhərləri qardaşlaşıb.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı

İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən sonra Azərbaycanın geostrateji mövqeyi, enerji bazarındakı əhəmiyyətli rolu və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq Zirvə görüşlərində fəal iştirakı, xüsusilə Türk Dövlətləri Təşkilatında mövqelərin möhkəmləndirilməsi Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu tərəfdaş kimi tanınmasını təmin edib.

Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qalxaraq, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Tərəflər arasında mövcud olan yüksək fəal siyasi dialoq və qarşılıqlı etimad Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri çərçivəsində özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə və 2024-cü ilin avqustunda Astanada keçirilən sammitlərə xüsusi qonaq qismində qatılması ölkəmizin region üçün artan geostrateji çəkisinin və formalaşan yeni güc mərkəzindəki aparıcı rolunun bariz nümunəsidir. Bunun məntiqi davamı olaraq 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı haqqında tarixi qərar qəbul edilib. Bu tarixi addım Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığını keyfiyyətcə yeni müstəviyə daşımaqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat-logistika sahələrində regional dialoqa daha geniş əhatə dairəsi qazandırıb.

Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım qeydə alınıb. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit habına çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu region ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını daha da genişləndirəcək.

Həmçinin enerji sektorunda, xüsusən də bərpaolunan enerji və enerji sistemlərinin inteqrasiyası sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış strateji sazişlər yeni perspektivlər açır. Beləliklə, daxili potensiala və fəal diplomatiyaya arxalanan Azərbaycan Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu daha da möhkəmləndirir.

İqtisadi tərəfdaşlıq, logistika və nəqliyyat marşrutları

Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq, nəzərəçarpacaq dərəcədə genişlənib. İkitərəfli ticarətin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, eləcə də Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi iqtisadi tərəfdaşlığın artan dinamikasını əks etdirir.

İqtisadi əlaqələrin tənzimlənməsində və yeni imkanların dəyərləndirilməsində Birgə Hökumətlərarası Komissiya mühüm rol oynayır. Komissiyanın 2025-ci ilin dekabrında Bakıda keçirilən 6-cı iclası iqtisadi prioritetlərin müəyyənləşdirilməsinə növbəti töhfəsini verib.

Biznes təşəbbüslərinin dəstəklənməsi və birgə investisiya layihələrinin həyata keçirilməsində əsas mexanizm kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Sahibkarların artan tələbatını qarşılamaq üçün nizamnamə kapitalı 100 milyon dollara çatdırılan Fond tərəfindən artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji layihələr maliyyələşdirilib və hazırda daha 10-a yaxın müraciətə baxılır.

İqtisadi inteqrasiyanı tamamlayan nəqliyyat-logistika sektoru da sürətlə inkişaf edir. Tərəflər “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Avropa” multimodal marşrutu üzrə yükdaşımaları fəal şəkildə həyata keçirirlər.

Nəqliyyat əlaqələrinin mühüm tərkib hissəsi olan hava nəqliyyatı sahəsində də intensivlik təmin edilib. AZAL tərəfindən Bakı-Bişkek marşrutu üzrə həftədə 4 müntəzəm, Bakı-İssık-Kul xətti üzrə isə mövsümi reyslərin yerinə yetirilməsi işgüzar və turizm əlaqələrinin daha da canlanmasına xidmət edir.

Qarabağın bərpasına dəstək

Tərəflərin qarşılıqlı maliyyə resursları hesabına həyata keçirdiyi layihələr xalqların mənəvi birliyini möhkəmləndirir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Dostluq parkı, Nizami Gəncəvi adına 103 saylı məktəb və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksi istifadəyə verilib.

Qırğızıstan isə öz növbəsində Qarabağın bərpasında yaxından iştirak edir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib. 2025-ci ilin iyulunda hər iki ölkənin liderlərinin iştirakı ilə kəndin birinci mərhələsinin və məktəbin rəsmi açılışı olub. 2025-2026-cı tədris ilində məktəb ilk 12 məzununu yola salıb.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib: “Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq”.

Prezident Sadır Japarov da bu addımın strateji və mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bu tarixi hadisə mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir”.

Onu da qeyd edək ki, Qırğızıstan tərəfi azad olunmuş ərazilərdəki yaylaqlar üçün Azərbaycana 225 baş yak hədiyyə edib.

Mədəni əlaqələr

2024-cü il aprelin 23-26-da Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri, 2025-ci il aprelin 20-25-də isə Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ikitərəfli humanitar dialoqun sistemli xarakter aldığını göstərir. 2024-cü il aprelin 24-də Bakıda dövlət başçıları İlham Əliyev və Sadır Japarovun iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılması isə bu əlaqələrin strateji səviyyədə dəstəkləndiyini təsdiqləyir. Tərəflərin həm ikitərəfli, həm də beynəlxalq platformalardakı birgə layihələri Türk dünyasında mədəni inteqrasiyanı daha da dərinləşdirir.

Beynəlxalq platformalarda əməkdaşlıq

Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı başda olmaqla, bütün beynəlxalq platformalarda həmrəylik göstərirlər. Çoxtərəfli strukturlarda nümayiş etdirilən vahid mövqe iki ölkənin beynəlxalq nüfuzunu artırır, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və regional təhlükəsizlik kimi müasir çağırışlara qarşı strateji planları birgə həyata keçirməyə imkan verir. Bu gün Bakı və Bişkek regional sabitliyin və Türk dünyasının birliyinin möhkəmlənməsinə birgə töhfə verməkdə davam edirlər.

Qeyd edək ki, iki ölkə informasiya mübadiləsi sahəsində də əməkdaşlıq edirlər. AZƏRTAC və KABAR agentlikləri arasında 2009-cu ildə imzalanmış saziş iki ölkə arasında operativ xəbər mübadiləsi, media kadrlarının ixtisaslaşması və qarşılıqlı təşkilati-texniki dəstəyin institusional əsasını qoyub. Bu əməkdaşlıq təkcə ikitərəfli müstəvidə deyil, həm də Müstəqil Dövlətlər Birliyi Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurası, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) kimi beynəlxalq platformalarda strateji tərəfdaşlıq və birgə informasiya diplomatiyası ilə tamamlanır.

Beləliklə, Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Siyasi iradə, iqtisadi-logistik inteqrasiya, mədəni-humanitar bağlılıq və beynəlxalq platformalardakı qarşılıqlı dəstək iki qardaş ölkənin uzunmüddətli strateji maraqlarının tam üst-üstə düşdüyünü və bu əməkdaşlığın geosiyasi əhəmiyyətinin getdikcə daha da artdığını göstərir.