Orta Dəhlizin inkişafı artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq praqmatik iqtisadi hesablamalar müstəvisinə keçir. Mərkəzi Asiya ölkələri üçün bu marşrut getdikcə iqtisadi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas amillərdən birinə çevrilir. Materikin daxilində yerləşən region ölkələri üçün Xəzər dənizinin limanlarına, oradan isə Cənubi Qafqaza birbaşa və müstəqil çıxış əldə etmək ixracın maya dəyərini azaltmaq və qlobal təchizat zəncirlərinə öz şərtləri ilə inteqrasiya olunmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov deyib.
Ekspert bildirib ki, bu nəqliyyat sistemində Azərbaycan yalnız tranzit ölkəsi deyil, Mərkəzi Asiya dövlətlərinin strateji tərəfdaşı kimi çıxış edir.
“Azərbaycanın yaratdığı müasir infrastruktur – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu olmasaydı, Trans-Xəzər marşrutu öz məntiqi tamlığını itirərdi. Bununla belə, Xəzəri Mərkəzi Asiya ilə Avropa arasında tamhüquqlu nəqliyyat körpüsünə çevirmək üçün konkret praktik addımların atılması vacibdir. İlk növbədə marşrut üzrə vahid rəqəmsal dəhlizin formalaşdırılması zəruridir. Vahid elektron yük sənədlərinin tətbiqi, avtomatlaşdırılmış gömrük yoxlamalarının həyata keçirilməsi yüklərin limanlarda gözləməsinin qarşısını ala bilər. İkinci mühüm məsələ vahid multimodal operatorun və bütün marşrut üzrə proqnozlaşdırılan vahid tarif siyasətinin yaradılmasıdır. Yük sahiblərinə çoxsaylı fərqli tariflər deyil, aydın və iqtisadi cəhətdən səmərəli daşınma modeli lazımdır. Bununla yanaşı, infrastrukturun paralel şəkildə inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Ticarət donanmasının genişləndirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və Orta Dəhlizin regionda inşa edilən yeni nəqliyyat arteriyaları, o cümlədən “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolu ilə əlaqələndirilməsi xüsusi diqqət tələb edir”, – deyə ekspert qeyd edib.
X.İbrahimov hesab edir ki, C6+1 formatı Mərkəzi Asiya ölkələrinin beynəlxalq münasibətlər sistemində mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldə bilər.
“Azərbaycanın Mərkəzi Asiyanın beş dövləti ilə birlikdə C6+1 formatında təmsil olunması regionun beynəlxalq subyektliyini prinsipial şəkildə dəyişir. Bu halda biz artıq ayrı-ayrı ölkələr kimi deyil, vahid tranzit və ticarət regionu kimi çıxış edirik. Bu isə Avropa İttifaqı, Çin və beynəlxalq investorlarla aparılan danışıqlarda regionun mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Azərbaycanın bu mexanizmdə iştirakı əməkdaşlığın praktik nəticələrini daha da artıracaq. Nəqliyyat sahəsində bu, Avropaya qədər bütün marşrut üzrə tariflərin əlaqələndirilməsinə imkan yaradar. Enerji sahəsində Xəzər və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi kimi iri layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin formalaşar və Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropa bazarlarına ixracı üçün yeni imkanlar açılar. Ticarət baxımından biz xammalın birgə emalını təşkil edə, hazır məhsulu Azərbaycanın azad iqtisadi zonaları vasitəsilə dünya bazarlarına çıxara bilərik.
C6+1 formatı regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da mühüm üstünlüklər yaradır. Bu mexanizm kritik infrastrukturun birgə qorunmasına, məlumat mübadiləsinin genişləndirilməsinə və istənilən xarici geosiyasi çağırış zamanı logistika zəncirində yaranan problemlərin operativ şəkildə aradan qaldırılmasına imkan verə bilər. Nəticə etibarilə, Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı, özünü təmin edən iqtisadi məkanın formalaşdırılmasına şərait yaradır və regionun müasir geosiyasi çağırışlara daha effektiv cavab verməsini təmin edir”, – deyə Xayotjon İbrahimov fikrini yekunlaşdırıb.