Paşinyan Konstitusiyanı dəyişmək üçün müxalifətdən 6 səs ala biləcəkmi? - Şərh

Ermənistanın yeni Konstitusiya layihəsində 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycanla sülh prosesində mühüm hüquqi maneənin aradan qaldırılması istiqamətində ilk real addımdır. Lakin layihənin ictimaiyyətə təqdim edilməsi hələ yekun qərar deyil və onun qəbul olunması üçün Ermənistan daxilində mürəkkəb siyasi proseslərdən keçmək tələb olunur.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 23-də yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsini Trend-ə şərh edərkən deyib.

Bununla belə, onun sözlərinə görə, layihənin dərc olunması nəticə deyil, yalnız prosesin ən mürəkkəb mərhələsinin başlanğıcıdır.

Deputat vurğulayıb ki, Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması həmin Bəyannamənin ləğvi anlamına gəlmir, yalnız onun konstitusion əlaqəsinin aradan qaldırılması deməkdir.

“Bu bağlılığın siyasi mahiyyətini indi Ermənistan hökumətinin başçısı özü də açıq ifadə edir. Paşinyan dəfələrlə bəyan edib ki, Bəyannamə münaqişə məntiqi üzərində qurulub, yeni Konstitusiyada ona istinad isə Qarabağ hərəkatının davam etdirilməsi və “Qərbi Ermənistan” narrativinin qəbulu anlamına gələrdi.”, - deyə Sevinc Fətəliyeva bildirib.

Millət vəkilinin sözlərinə görə, yeni Konstitusiya layihəsində diqqət tarixi ərazi təsəvvürlərindən Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, təhlükəsiz və firavan dövlət quruculuğuna yönəldilir.

O əlavə edib ki, məsələni konstitusion müstəvidən kənarda qiymətləndirmək mümkün deyil. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış Sazişin birinci və ikinci maddələri tərəflərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət edilməsini, qarşılıqlı ərazi iddialarının olmamasını və gələcəkdə də belə iddiaların irəli sürülməməsini nəzərdə tutur.

Sazişin 12-ci maddəsi isə daxili qanunvericiliyə istinad etməklə beynəlxalq öhdəliklərin icrasından yayınmağın yolverilməzliyini təsbit edir. Deputat xatırladıb ki, bu prinsip Müqavilələr hüququ haqqında Vyana Konvensiyasında da əksini tapıb.

Onun fikrincə, sazişdə ərazi iddialarından imtina öhdəliyinin təsbit olunması ilə Ermənistan Konstitusiyasında belə iddialara hüquqi əsas kimi qiymətləndirilə biləcək istinadın saxlanılması uzunmüddətli perspektivdə ciddi hüquqi ziddiyyət yaradardı.

Sevinc Fətəliyeva rəsmi Bakının mövqeyinin də məhz bu hüquqi məntiqə əsaslandığını diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycanın bu mövqeyində ultimatum deyil, hüquqi ardıcıllıq var. Bakı Ermənistanın daxili dövlət quruluşunu müəyyənləşdirmir, yalnız ərazi iddialarının hüquqi əsasının aradan qaldırılmasını gözləyir.

Deputatın sözlərinə görə, hazırda əsas sınaq Ermənistanın daxilindədir. Yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdə üçdə iki səs, yəni 70 səs tələb olunur. Lakin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 105 yerlik parlamentdə 64 mandatı var.

O bildirib ki, Paşinyan çatışmayan 6 səsi təmin etmək üçün müxalifətə müraciət edib. Ermənistanın Baş naziri referendumun rədd ediləcəyi təqdirdə istefa verəcəyini, layihə qəbul olunarsa, növbəti seçkilərdə namizəd olmayacağını bəyan edib.

Bununla belə, parlamentdə ümumilikdə 41 yerə sahib olan iki müxalifət fraksiyası – “Güclü Ermənistan” və “Ayastan” - Paşinyanın təklifini artıq rədd edib. Referendumun keçiriləcəyi tarix isə hələ müəyyən edilməyib.

Sevinc Fətəliyeva diqqətə çatdırıb ki, İrəvan yeni Əsas Qanunun qəbulunu özünün suveren hüququ kimi təqdim edir və bu prosesin başqa dövlətin tələbi ilə həyata keçirilmədiyini vurğulayır. Deputatın fikrincə, hüquqi baxımdan bu yanaşma doğrudur.

“Konstitusiya yazmaq hər dövlətin səlahiyyətidir. Lakin eyni suverenlik beynəlxalq öhdəliklərin icrasından yayınmaq üçün əsas ola bilməz. Qonşu dövlətin ərazi bütövlüyünün tanınması güzəşt deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə uyğunlaşmadır”, - deyə o bildirib.

Millət vəkili əlavə edib ki, Paşinyanın yeni Konstitusiyadan sonra sülhün dönməz olacağı barədə bəyanatları siyasi iradənin göstəricisidir. Ancaq siyasi bəyanatla hüquqi təminat arasındakı fərq məhz parlament səsverməsində və referendumda özünü göstərəcək.

Deputat eyni zamanda nəticələri qabaqcadan müəyyən edilmiş hesab etməyin düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, konstitusion ziddiyyətin aradan qaldırılması sülh sazişinin imzalanması və ratifikasiyası yolundakı əsas maneələrdən birini aradan qaldıracaq, lakin bütün məsələləri avtomatik həll etməyəcək.

Sevinc Fətəliyeva qeyd edib ki, sülhün davamlılığı yalnız Konstitusiya dəyişikliyindən və diplomatik razılaşmalardan deyil, həm də əldə olunmuş razılaşmaların icrasından, sərhədlərin delimitasiyasından, nəqliyyat kommunikasiyalarının açılmasından və qarşılıqlı etimadın formalaşmasından asılıdır.

“Nəticə etibarilə, Müstəqillik Bəyannaməsinə istinadın layihədən çıxarılması sülhə gedən yolda hüquqi maneənin aradan qalxması istiqamətində atılmış ilk real addımdır, lakin yekun addım deyil. Mətn dərc olunub, qərar isə hələ qəbul edilməyib. Sülh yalnız diplomatik sənədlərdə deyil, dövlətin ali qanununda və real siyasətində təsbit olunduqda dönməz olacaq. İndi qərar növbəsi İrəvandadır”, - deyə deputat vurğulayıb.