Alim: Qlobal istiləşməni məhdudlaşdırmaq üçün hər il havadan 10 milyard ton karbon qazı çıxarılmalıdır

Potsdam Qlobal İqlim Təsirlərinin Araşdırmaları İnstitutundan alim Yohan Rokström xəbərdarlıq edib ki, fəlakətli dönüş nöqtələrindən qaçınmaq üçün atmosferdən karbon qazının çıxarılması zəruri olacaq. Çünki ən yaxşı ssenaridə belə, qlobal temperatur təxminən 1,7°C artacaq.

Bu barədə AZƏRTAC xarici mətbuata istinadən xəbər verir.

BMT və COP30 sədrliyinin baş elmi məsləhətçilərindən biri olan Yohan Rokström qlobal istiləşməni sənayedən əvvəlki səviyyələrdən 1,7°C-yə qədər məhdudlaşdırmaq üçün atmosferdən hər il 10 milyard ton karbon qazının çıxarılmalı olduğunu bildirib.

Bu məqsədə birbaşa hava tutulması kimi texnoloji vasitələrlə nail olmaq üçün neft və qazdan sonra dünyanın ikinci ən böyük sənayesinin yaradılması tələb olunacaq, və bu ildə təxminən bir trilyon dollara başa gələcək. Bu, tullantıların daha kəskin şəkildə azaldılması ilə müşayiət olunmalıdır.