Gürcüstan qlobal enerji və infrastruktur layihələrin, o cümlədən Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycan, Qazaxıstan və Çin də daxil olmaqla dəhlizin iştirakçısı olan digər ölkələrlə fəal əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvirişvili mətbuata açıqlamasında söyləyib. Nazir deyib: “Orta Dəhlizdə Gürcüstanın rolunun möhkəmləndirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstanın Asiya və Avropa arasında tranzit-logistika qovşağı kimi funksiyasının gücləndirilməsi hökumətin əsas prioritetlərindən biridir və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik”.
Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkənin beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarının modernləşdirilməsinə əhəmiyyətli resurslar ayırıb və bunun sayəsində yük dövriyyəsinin həcmi iki dəfə artıb.