Rəssam Qustav Klimtin portreti hərracda 236,4 milyon dollara satılıb və bu, indiyə qədər ikinci ən bahalı sənət əsəridir.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən qarət edilən və yanğında az qala məhv olan “Elizabet Ledererin portreti” tablosu “Sotheby's” hərracında satılıb.
“Elizabet Ledererin portreti” tablosu avstriyalı rəssam tərəfindən 1914-1916-cı illər arasında çəkilib. Rəsm əsərində Klimtin himayədarlarının gənc varisi Lederer Çin xalatına bürünmüş şəkildə təsvir olunub.
Çərşənbə axşamı Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında altı kolleksiyaçı bu əsəri satın almaq üçün 20 dəqiqə mübarizə aparıb. Hərrac Evi əsərin uğurlu alıcısının adını çəkməkdən imtina edib.
Bahalı rəsm əsəri İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən qarət edilib, lakin 1948-ci ildə Klimtin dostu və rəssam həmkarı Eqon Şile tərəfindən rəssamın varisinə qaytarılıb və o, 1983-cü ildə onu satışa çıxarıb.
1985-ci ildə rəsm əsəri Leonard Lauderin şəxsi sənət kolleksiyasının bir hissəsinə çevrilib və o, əsəri Nyu-Yorkda yerləşən evində nümayiş etdirib, lakin qısa müddətə bu tablo qalereyalara icarəyə verilib. Qırx ildən sonra kolleksiyaçının varisi onu “Sotheby's” hərracında satışa çıxarıb.
Hərracda indiyə qədər satılan ən bahalı sənət əsəri Leonardo da Vinçinin “Salvator Mundi” əsəri olub və 2017-ci ildə 450,3 milyon ABŞ dollarına satılıb.