İndoneziyanın Madura Adası sahillərində bir bərədə baş verən yanğında 5 nəfərin öldüyü, 41 nəfərin isə itkin düşdüyü bildirilib.
İndoneziya Axtarış və Xilasetmə Agentliyinin açıqlamasına görə, Şərqi Cava əyalətindəki Madura Adasının şimalında, Cava dənizində üzən 'Mutiara Santosa 2' adlı gəmidə baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib, 41 nəfər isə itkin düşüb. Bərədə 232 sərnişin və 39 ekipaj üzvü olmaqla ümumilikdə 271 nəfərin olduğu bildirilib. Rəsmilər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini və 225 nəfərin xilas edildiyini bildiriblər.