Özbəkistanda Türk dünyasına uyğun əlifbaya keçid üçün qəbul edilən qanun olduqca qiymətlidir.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri, millət vəkili Kürşad Zorlu deyib.
"Özbəkistan Respublikası Senatının (Ali Məclisin yuxarı palatası) latın əlifbasına keçid müddətində Türkiyə və Türk dünyası ilə dil inteqrasiyasını gücləndirəcək özbək əlifbasına yönəlik yeni tənzimləməni qəbul etməsindən məmnunuq", - o bildirib və əlavə edib ki, dəyişiklik mürəkkəb hərflərin yerinə əlifbaya daha praktik və ortaq Türk əlifbası ilə tam uyğun simvollar gətirəcək.
K. Zorlunun sözlərinə görə, yeni tənzimləmə ilə mövcud əlifbadakı 26 hərf və 3 hərf kombinasiyasının yerini 28 hərf və bir kəsmə işarəsi alacaq: "İslahatın ən böyük yeniliyi isə yazılışı və kompüter mühitində istifadəsi çətin olan cüt simvollu hərflərin tək bir xarakterlə əvəz edilməsi olacaq".
Xatırladaq ki, 10-11 sentyabr 2026-cı il tarixlərində Özbəkistan parlamenti yenilənmiş latın əlifbası qanununu rəsmən təsdiqləyib. Qanun rəsmi şəkildə dərc edildikdən 6 ay sonra tam qüvvəyə minəcək.
Hazırda "o‘", "g‘", "sh" və "ch" şəklində istifadə edilən hərf və hərf birləşmələrinin müvafiq olaraq "ö", "ğ", "ş" və "ç" kimi yazılması qəbul edilib. Yeni əlifbada həmçinin "ng" hərf birləşməsinə yer verilməməsi də qərara alınıb.