Azərbaycanın ev sahibliyi edəcəyi COP29-dan gözləntilərimiz olduqca böyükdür. İqlim çağırışlarına cavab vermək üçün çox vaxtımız yoxdur, təcili addımlar atılmalıdır. Azərbaycan bu istiqaməti daim yüksək diqqətdə saxlayır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı təşəbbüsünə həsr edilmiş konfransda UNESCO-nun ekologiya və torpaq elmləri bölməsinin direktoru, insan və biosfer proqramının katibi Antonio Abrö deyib.
“Azərbaycanda COP29-a hazırlıqlar uğurla və sürətlə gedir. COP29-un təcili addımlar atılması, iqlim böhranı ilə mübarizədə təkcə siyasətçiləri deyil, dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacağına inanıram”, - deyə A.Abrö qeyd edib.
O, iqlim dəyişikliyi ilə bağlı ambisiyaları gücləndirmək və hərəkətə keçməyə imkan verən COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətini alqışlayaraq təşəkkür edib. Bildirib ki, Bakıda keçiriləcək COP29 konfransı davamlı və möhkəm gələcəyə nail olmaq üçün beynəlxalq iqlim siyasətini müzakirə etmək, mədəniyyətə əsaslanan iqlim fəaliyyətini inkişaf etdirmək və qlobal əməkdaşlığı təşviq etmək baxımından əsas platforma rolunu oynayacaq.