COP29-un Azərbaycanda keçirilməsi ölkənin həm təmiz enerjiyə keçidi, həm də iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün imkanlar yaradır. Belə ki, iqlim dəyişikliyi ilə mübarizədə əsas hədəf kimi müəyyən edilmiş təmiz enerji və aşağı karbonlu sənayeyə keçiddə xammal - böhran mineralları xüsusi rol oynayır. Böhran minerallarına mis, nikel, litium, kobalt kimi metallar daxildir. Böhran mineralları karbon emissiyalarını kəskin azaldan avadanlıqların – günəş panelləri, külək turbinləri, elektrik nəqliyyat vasitələri hissələri, enerji toplayıcı və saxlayıcı sistemlərin, həmçinin ağır sənaye sahələrindən karbonun azaldılması üzrə texnologiyanın istehsalında həlledici əhəmiyyət daşıyır. Bu mineralların çatışmazlığı bütün dünyada təmiz enerjili və aşağı karbonlu iqtisadiyyata keçidi ciddi risk altında qoyur. Bu mineralların hasilatı və təchizi üzrə Azərbaycan üçün bir sıra imkanlar mövcuddur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ətraf mühit hüququ və siyasəti üzrə ekspert, ADA Universitetinin müəllimi Sadiqə Mehdiyeva deyib.
Ekspert bildirib ki, hazırda böhran minerallarının dünya bazarında əsas istehsalçıları Rusiya, Çin, Avstraliya, bir sıra Afrika və Latın Amerikası ölkələridir: “Mövcud hərbi konfliktlər və siyasi problemlər fonunda sadalanan ölkələrdən dünya bazarına, xüsusilə də Avropa İttifaqına təchizat risklidir və hüquqi tələblər baxımından məqbul hesab edilmir. Bu şərtlərdə özünü enerji təchizatı üzrə uzun müddətdir etibarlı tərəfdaş kimi tanıtmış Azərbaycan, həm də böhran minerallarının təchizatı üzrə uzunmüddətli iqtisadi tərəfdaş kimi çıxış edə bilər.
Əlbəttə, Azərbaycanın bu potensialının tam şəkildə dəyərləndirilməsi üçün bir neçə məqama diqqət yetirmək lazımdır. İlk olaraq milli qanunvericilikdə böhran minerallarının “strateji mineral kateqoriyası” kimi müəyyən edilməsinə ehtiyac var. Digər tərəfdən mis, nikel, litium, tellur, kobalt və s. mineral ehtiyatlarının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yenidən qiymətləndirilməsi həyata keçirilməlidir. Bu istiqamətdə yerli özəl və xarici investisiyaların cəlb edilməsi ilə yeni mədən şirkətlərinin, daha sonra isə təmiz enerji və aşağı karbonlu sənayeyə keçid üçün zəruri olan avadanlıqların istehsalı üzrə yeni sənaye sahələrinin formalaşdırılmasına ehtiyac var”, - deyə S.Mehdiyeva diqqətə çatdırıb.
Ekspert vurğulayıb ki, COP29 Azərbaycanın dünyada yalnız neft-qaz ixracatçısı kimi deyil, həmçinin böhran minerallarının potensial ixracatçısı və aşağı karbonlu iqtisadiyyata keçid üzrə etibarlı, qlobal tərəfdaş kimi nəzərdən keçirilməsində böyük rol oynaya bilər. Azərbaycan üçün isə bu, öz növbəsində, qeyri-neft sektorunun inkişafı ilə bərabər, təmiz enerjiyə keçiddə zəruri avadanlıqların daxili bazarda daha əlçatan olması və ölkəyə xaricdən yaşıl investisiyaların geniş cəlbi deməkdir.