Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirmək istədiyi bir sıra layihələri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Mehmet Səlim Güven bildirib.
Onun sözlərinə görə, “Xızı-Abşeron” KES layihəsi şirkətin Azərbaycanda həyata keçirdiyi ilk layihədir.
“Ancaq Azərbaycanda reallaşdırılacaq bir çox layihə ilə maraqlanırıq. Bunlara enerji saxlama layihəsi də aiddir. Bundan əlavə, Xəzər dənizində offshore layihələri də diqqətimizdədir. Həmçinin dəniz suyunun duzsuzlaşdırılması və bir neçə Günəş Elektrik Stansiyası layihələri də bura daxildir. Bunların hər biri və bərpaolunan enerji layihələri ilə bağlı bütün layihələr bizim marağımızdadır”, - deyə şirkətin direktoru vurğulayıb.
Şirkət rəsmisi onu da əlavə edib ki, Xəzər dənizinin böyük külək enerji potensialı var: “Təbii ki, bunlar asan layihələr deyil. Biz bütün layihələri izləyirik və belə layihələrdə iştirak etmək istəyirik. Bütün bunlarla bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparılır”.