Bioloji mübarizə aparılan pambıq sahələrindən yüksək məhsul gözlənilir

Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı tətbiq olunan bioloji mübarizənin nəticələrinə dair tarla seminarı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, “Azərpambıq” MMC-nin, MKT şirkətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərvericilərdən və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Bu üsul çox təsirli olsa da, həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, cari ildə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqların istehsalı sahəsi tərəfindən Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin 15 hektar pambıq sahəsində trixoqramma ilə pambıq sovkasının yumurtasına qarşı üç dəfə bioloji mübarizə aparılıb. Hazırda bioloji mübarizə tətbiq olunan sahələrdən 35-40 sentner məhsul istehsalı gözlənilir.

Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilib. Belə ki, cari ildə pambıq istehsalı ilə məşğul olan şirkətlərin müraciəti əsasında pambıq sovkasının yumurtalarına qarşı, ümumilikdə, 29 min 558 hektar sahədə bioloji mübarizə tətbiq olunub ki, bu da ötən illə müqayisədə 9000 hektar çoxdur. Həmçinin 45 hektar yonca sahəsində tətbiq olunan bioloji mübarizə müsbət nəticəsini verib. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.

Sonda Dövlət Sort Sınaq Məntəqəsinin trixoqramma tətbiq olunan pambıq sahələrinə baxış keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Trixoqramma vasitəsilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, bu da nəticədə keyfiyyətli və təhlükəsiz məhsul deməkdir.