Noyabrda Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Qərb mediası və ekspertləri tərəfindən ölkəmizə atılan böhtanlar da artır. Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ verildikdən sonra ölkəmiz qərəzli fikirlərə əsaslanan kəskin tənqidlərə məruz qalır. Qondarma “fəallar” və Qərb mediası Azərbaycanı təbii sərvətlərlə zəngin ölkə olduğuna görə tənqid edirlər. Lakin Qərb yaddan çıxarmamalıdır ki, Azərbaycan onların enerji təhlükəsizliyini ən çətin vaxtda dəstəkləyib və Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ölkəmizi etibarlı tərəfdaş adlandırırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçi Şahmar Hacıyev səsləndirib.
O qeyd edib ki, bütövlükdə ölkəmizin “yaşıl enerji mərkəzi”nə çevrilməsi Azərbaycanın enerji siyasətinin əsas komponentidir. Ölkəmiz həm də regional səviyyədə yaşıl keçidi dəstəkləyir. Azərbaycanın əsas məqsədi COP29-da real nəticənin əldə edilməsidir, çünki bir çox dövlətlər iqlim dəyişmələri nəticəsində həm siyasi, həm də iqtisadi böhranlara üzləşirlər.
“COP29 təşəbbüsləri Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, maliyyə və investisiya məsələlərini səmərəli şəkildə təşviq etmək üçün kritik məsələlərə diqqətini nümayiş etdirir. Azərbaycanın həyata keçirdiyi bütün layihələr və COP29 təşəbbüsləri bir daha sübut edir ki, rəsmi Bakı iqlim dəyişikliyi məsələsinə çox həssas yanaşır, ölkəmizdə və regionda yaşıl iqtisadiyyata dəstək göstərir. Əfsuslar olsun ki, bütün müsbət işləri görməzdən gələn qüvvələr erməni lobbisinin də təsiri ilə regionda sülhün və inkişafın bərqərar olunmasında maraqlı deyillər. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası və irəli sürülən haqsız ittihamlar təəccüb doğurur”, - deyən ekspert xatırladıb ki, Azərbaycanın artıq iqlim dəyişikliyi ilə mübarizədə səylərin gücləndirilməsinə və ekoloji problemlər üzrə əməkdaşlığın artırılmasına sadiqliyini nümayiş etdirmək üçün 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bundan başqa da Azərbaycan alternativ yaşıl enerjiyə keçidi sürətləndirib və bu istiqamətdə əhəmiyyətli işlər görülür:“Azərbaycan müxtəlif bərpa olunan enerji layihələrini həyata keçirmək üçün Masdar, ADNOC, ACWA Power, TEPSCO, Bp və China Gezhouba Group Overseas Investment ilə bir sıra mühüm yaşıl enerji sazişləri imzalayıb. Məsələn, 2024-cü ildə Masdar regionda ən böyük Qaradağ Günəş Parkının açılışından sonra iki günəş enerjisi layihəsi və ümumi gücü 1 GVt olan bir külək layihəsi üçün üç investisiya müqaviləsi imzalayıb. Layihələr Azərbaycanın 2030-cu ilə qədər enerji tutumunun 30%-ni bərpa olunan enerjidən əldə etmək ambisiyalarını dəstəkləyir”-deyə siyasi ekspert bildirib.