UNEP 2030-cu il üçün müəyyən edilmiş hədəflərə nisbətən qlobal emissiyaların artacağını proqnozlaşdırır

Paris Sazişini imzalayanların 90 faizi ilkin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) yeniləyib və ya dəyişdirib, lakin bu irəliləyişin böyük bir hissəsi COP26 sammitindən əvvəl - 2021-ci ildə əldə edilib.

Trend xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2024-cü il üzrə hesabatında bildirilir.

“Hər nə qədər son COP sessiyalarında 2030-cu il üçün iqlim hədəflərinin artırılması ilə bağlı dəfələrlə çağırışlar edilsə də, yalnız bir ölkə COP28-dən sonra öz hədəf göstəricisini artırıb ki, bu da qlobal iqlim səylərinin zəifləmədiyini göstərir”, - hesabatda qeyd olunub.

Hesabata görə, hazırkı siyasətlərin davam etməsi halında, 2030-cu ildə qlobal istixana qazlarının emissiyaları 57 gigatonna ekvivalent CO2 (GtCO2e) səviyyəsinə çatacaq ki, bu da ötənilki proqnozdan bir qədər yüksəkdir və şərtsiz NDC-lərlə müəyyən edilmiş səviyyədən 2 GtCO2e daha çoxdur.

“Şərti NDC-lərlə müqayisədə bu boşluq daha da artır və təxminən 5 GtCO2e-yə çatır”, - UNEP mütəxəssisləri vurğulayır.

 

UNEP xəbərdarlıq edir ki, siyasətlərin həyata keçirilməsində sürətin artırılmadığı təqdirdə, 2030-cu il hədəflərinə çatmaqda olan boşluq keçən ilin proqnozu ilə müqayisədə, demək olar ki, dəyişməyəcək.

“Xüsusilə qlobal emissiyaların böyük bir hissəsinə görə məsuliyyət daşıyan G20 ölkələri geri qalır. Hazırkı siyasətlərlə bu qrup NDC-lər üzrə hədəf göstəricilərini 1 GtCO2e aşacağı ehtimal olunur. G20-nin 11 ölkəsinin 2030-cu il hədəflərinə çatmayacağı gözlənilir, hədəflərinə çatacağı proqnozlaşdırılan ölkələrin isə əksəriyyəti yenilənmiş NDC-lərdə ambisiyalarını ya saxlayıb, ya da yalnız kiçik artımlar edib. G20-nin kollektiv hədəfləri qlobal istiləşməni 1,5°C və 2°C səviyyələrində məhdudlaşdırmaq üçün tələb olunan azalmalardan uzaqdır”, - hesabatda qeyd olunur.

UNEP-ə görə, 2030-cu il hədəflərinə çatmaq üçün bütün sektorlarda daha sərt tədbirlərin qəbul edilməsi və onların gələcək emissiyalara təsirinin diqqətlə qiymətləndirilməsi tələb olunur.

“İqlim siyasətindəki irəliləyişlərə baxmayaraq, dünyada onun 2030-cu ildə proqnozlaşdırılan emissiyalara təsirini qiymətləndirən tədqiqatlar azdır ki, bu da 2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər qəbul edilmiş G20-nin yeni iqlim təşəbbüslərinin potensial təsirini qiymətləndirməyi çətinləşdirir. Öhdəliklərin möhkəmlənməsi və siyasi tədbirlərin sürətləndirilməsi olmadan, dünyanın 2030-cu il iqlim hədəflərinə çatma imkanı və qlobal istiləşmənin məhdudlaşdırılması ciddi təhlükə altındadır”, - hesabatda vurğulanır.