Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, Meksika Mühəndis Həmkarlar İttifaqı Milli Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə məruzəçi qismində çıxış edib.
Trend-in məlumatına görə, Meksikanın ətraf mühit naziri Alisia Barsenanın iştirak etdiyi tədbirdə səfir, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı - COP29-a ev sahibi seçilməsindən qürur duyduğunu bildirib. Bu qərarın Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə milli, regional və qlobal səviyyədəki səylərinə verilən yüksək qiymət olduğunu vurğulayıb.
Diplomat Azərbaycanın yaşıl inkişafı əsas prioritet kimi qəbul etdiyini, cari ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan etdiyini və ölkənin yaşıl enerjiyə keçiddə regional lider mövqeyini qoruduğunu qeyd edib. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ağıllı şəhərlər və kəndlərin yaradılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, eləcə də Naxçıvanın 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin enerji balansında bərpa olunan enerjinin payının ən azı 30%-ə çatdırılmasının hədəfləndiyini bildirib.
Səfir iqlim dəyişikliyinin qlobal bir problem olduğunu vurğulayaraq bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib və hökumət və qeyri-hökumət təşkilatlarını COP29-un qlobal təşəbbüslərinə qoşulmağa dəvət edib.
Meksikanın ətraf mühit naziri Alisia Barsena isə çıxışında Meksika hökumətinin iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti və COP29-dan gözləntiləri barədə məlumat verib.