Son 15 ildə azərbaycanlıların qida rasionunda meyvə-tərəvəz və süd məhsullarının istehlakı artıb

“Azərbaycan su resursları ən az olan ölkələrdəndir. Əsas su mənbələrimiz kənardan gəlir, torpaqların çoxu da suvarılandır. Kənd təsərrüfatı məhsullarının 70-80 faizi məhz suvarılan torpaqlarda istehsal olunur”.

AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Şalbuzov ADA Universitetində keçirilən "Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: Təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər" mövzusunda konfransda deyib.

İqlim dəyişikliyi nəticəsində yeni xəstəliklərin və zərərvericilərin yarandığını deyən nazirliyin nümayəndəsi heyvan və bitki sortlarının buna hazırlıqlı olmasının vacibliyini qeyd edib.

"İnsan sağlamlığı üçün ən vacib amillərdən biri sağlam və düzgün qidalanmadır. Son 15 ilin qidalanma və istehlak göstəricilərinə baxanda görürük ki, orta statistik azərbaycanlının gündəlik və illik qida rasionunda meyvə-tərəvəz və süd məhsullarının istehlakı artıb, çörək və şəkər istehlakı isə azalıb. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılması üçün tədbirlər görülür. Belə ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı zamanı yeni texnologiyaların tətbiqi üçün müxtəlif istiqamətdə subsidiyalar ayrılır, dəstək mexanizmləri icra olunur. Xüsusi heyvandarlıq sahəsində subsidiyalar tətbiq olunur ki, daha dözümlü və məhsuldar sortlar yetişdirilsin", - deyə N.Şalbuzov bildirib.