Dəyişən iqlim şəraitində kənd təsərrüfatında innovativ idarəetmə sistemlərinə keçid, qida təhlükəsizliyi hazırda bütün dünyada diqqət mərkəzindədir. Biz qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri mövzusunda məktəblilər arasında keçirilmiş ümumrespublika müsabiqəsinə təqdim olunmuş layihələrin hər biri ilə yaxından tanış olduq, onların arasında ən yaxşılarını seçməyə çalışdıq.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova “Dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyinin qorunmasında innovativ həllər” mövzusunda panel iclasında deyib.
Onun sözlərinə görə, gələcəkdə bu tip layihələrin sayı artırılacaq.
“Kənd təsərrüfatında su qıtlığı qida qida təhlükəsizliyi problemlərini də ön plana çıxarır. Artıq dünyada yeddinci nəsil pestisidlər istifadə olunur. Onlar insan orqanizmi üçün çox böyük təhlükədir. Müasir texnikalar, “ağıllı istixanalar”, “ağıllı suvarma”, “ağıllı fermalar”ın təşviqi və tətbiqi kənd təsərrüfatının iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunması üçün mühüm rol oynayır. Gənc nəslin sağlam böyüməsi üçün sağlam qidanın olması zəruridir. Bununla yanaşı xüsusi proqramlar, innovativ həllərə ehtiyac var. Hazırda dünyada elə fermalar var ki, onlar tamamilə robotlaşdırılıb və insanın orada vaxt itirməsinə ehtiyac yoxdur”, - deyə E.Lətifova əlavə edib.