Azərbaycanda iqlim dəyişiklikləri və onların mənfi təsirlərinə qarşı səmərəli işlər görülür, yaşıl keçid istiqamətində məqsədyönlü tədbirlər gerçəkləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli oktyabrın 31-də ADA Universitetində İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
"Ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsinə sayılı günlər qalır. BMT-nin bu nüfuzlu tədbirinə ev sahibliyinin Azərbaycana həvalə edilməsi, beynəlxalq aləmdə ölkəmizə olan güvənin növbəti göstəricisidir və bu hadisə BMT ilə əməkdaşlığımızda yeni səhifə açacaq. Bu gün burada aparılacaq müzakirələr, eyni zamanda, COP29 çərçivəsində müzakirələrə töhfə verəcək", - deyə nazir müavini qeyd edib.
Səməd Bəşirli deyib: “Karbon emissiyalarını azaltmaq üçün qarşımızda hansı iqtisadi çətinliklər var? Bu qiymətləndirmənin aparılmasında hansı çətinliklər mövcuddur? Biz texnologiyanın xərclərində bugünkü qiymətləri nəzərə alırıq, amma 5-10 il sonra bu texnologiyanın qiymətinin nə qədər olacağını təxmin edə bilmirik. Çünki iqlim dəyişmələrinə, emissiyaların azalmasına yönələn texnologiyalar artdıqca, bunların qiymətinin azalması qaçılmaz olacaq”.