Orta Dəhlizin inkişafı Azərbaycanın Çin-Avropa ticarətində tranzit ölkə kimi mövqeyini möhkəmləndirir - ŞƏRH

Son vaxtlar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, daha da dəqiq desək kritik həddə çatması nəqliyyat və enerji təchizatı marşrutlarına ciddi risklər yaradıb, xüsusən də ənənəvi dəniz yollarının təhlükəsizlik və sabitliyinə dair narahatlıqları artırıb. Regiondakı hərbi-siyasi toqquşmalar qlobal ticarət axınlarında gecikmələrə, daşınma xərclərinin yüksəlməsinə və enerji bazarlarında qeyri-müəyyənliyin dərinləşməsinə səbəb olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, məhz belə bir şəraitdə alternativ, daha etibarlı və şaxələndirilmiş tranzit marşrutlarının, xüsusilə də Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb.

“Məlum olduğu kimi Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın aidiyyəti qurumlarının iştirakı ilə yaradılıb. Növbəti illərdə layihənin coğrafiyası genişlənib və Ukrayna, Rumıniya, Polşa kimi ölkələrin qoşulması ilə iştirakçıların sayı artıb. Dəhliz əsasən 4256 kilometrlik dəmir yolu və 508 kilometrlik dəniz hissəsindən ibarətdir. Marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan ərazisindən keçərək Xəzər dənizi vasitəsilə Azərbaycana və oradan da Gürcüstana uzanır. Gürcüstandan sonra isə iki istiqamətdə davam edir; Türkiyə üzərindən Avropaya və Qara dəniz vasitəsilə Ukrayna, Rumıniya və Bolqarıstana. Orta Dəhlizin bir sıra mühüm üstünlükləri var. Hər şeydən əvvəl, bütün marşrut boyu vahid tarif tətbiq edilir və “bir pəncərə” prinsipi əsasında idarə olunur. Ən önəmli üstünlüklərdən biri də budur ki, dəhlizdə iştirak edən ölkələr bu marşrutun daha da səmərəli və funksional olması üçün güclü siyasi iradə nümayiş etdirirlər. Azərbaycan Orta Dəhlizin inkişafı və təbliği üçün dəhliz üzərində yerləşən ölkələrlə fəal və sıx əməkdaşlıq qurur. Xüsusi olaraq vurğulayaq ki, Orta Dəhlizin inkişafı Azərbaycana Çin-Avropa ticarətində tranzit ölkə kimi mövqeyini möhkəmləndirməyə və regionun geosiyasi balansında təsir gücünü artırmağa şərait yaradır. Beləliklə, mövcud vəziyyətdə, yəni, qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı, ənənəvi marşrutlarda təhlükəsizlik, siyasi risklər və sanksiya təzyiqlərinin artdığı bir şəraitdə Azərbaycan Şərqlə Qərb arasında etibarlı və rəqabətqabiliyyətli nəqliyyat körpüsü kimi ön plana çıxır”, - deyə CASCFEN sədri vurğulayıb.

Son illərdə Azərbaycan ərazisindən keçən dəmir yolu, avtomobil və dəniz nəqliyyatı infrastrukturuna yönəldilən investisiyaların Orta Dəhlizin buraxıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığı sözlərinə əlavə edən Nadir Azəri Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Xəzər dənizi üzərindən bərə və konteyner daşımalarının genişləndirilməsinin Çin–Mərkəzi Asiya–Qafqaz–Avropa xətti üzrə real və rəqabətli alternativ logistika marşrutu formalaşdırdığını vurğulayıb: “Bu, yükgöndərənlər üçün həm vaxt, həm də maya dəyərinə görə cəlbedici seçim deməkdir. Ümumiyyətlə, Orta Dəhlizin geoiqtisadi əhəmiyyəti artdıqca Azərbaycanın regionun geosiyasi balansında rolu da güclənir. Azərbaycan nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, tranzit siyasətinin koordinasiyası baxımından da əsas regional platformalardan birinə çevrilir. Bu isə ölkəmizin həm Avropa İttifaqı və digər Qərb paytaxtları, həm də Çin və Mərkəzi Asiya dövlətləri ilə münasibətdə mövqelərini möhkəmləndirir, diplomatik manevr imkanlarını daha da genişləndirir”.