Türkiyə Banklar Assosiasiyasının rəhbəri: Bankçılıq sektorunun təməlində etibar dayanır

Bankçılıq sektorunun gələcəyi maliyyə sabitliyini qorumaqla yanaşı, innovasiyalara açıq və dəyişən şəraitə uyğunlaşa bilən qurumların inkişafından asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Banklar Assosiasiyasının Baş katibi Nurullah Bakır “X Beynəlxalq Bankçılıq Forumu 2026”da çıxışı zamanı deyib.

O, bildirib ki, builki forumun mövzusu sektorun gələcəyini formalaşdıran üç əsas prioritetə – etibar, texnologiya və davamlılığa diqqət çəkir.

“Bankçılıq sektorunun təməlində etibar dayanır. Əmanətlərin qorunması, maliyyə xidmətlərinə çıxışın təmin edilməsi və iqtisadi fəaliyyətin davamlılığı güclü və sabit maliyyə sistemindən asılıdır. Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər, geosiyasi risklər və maliyyə bazarlarındakı dalğalanmalar bank sektorunun dayanıqlılığını daha da aktuallaşdırır. Bu şəraitdə banklar güclü kapital strukturunu qorumalı, riskləri səmərəli idarə etməli və dəyişən şərtlərə çevik uyğunlaşmalıdırlar. Etibarlı bankçılıq yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmır. Şəffaflıq, hesabatlılıq, səmərəli korporativ idarəetmə və müştəri etibarının qorunması da bu sistemin mühüm tərkib hissələridir”, - deyə Nurullah Bakır qeyd edib.

Türkiyə bank sektorunun mövcud vəziyyətinə toxunan Baş katib bildirib ki, qardaş ölkədə aktivlərin həcmi 1,2 trilyon dollara yaxınlaşır: “Kreditlər əsasən istehsalın, investisiyaların, məşğulluğun və ixracın maliyyələşdirilməsinə yönəldilir. Rəqəmsal transformasiya sektorun maliyyə imkanlarını daha da gücləndirir. Fərdi müştərilər üzrə təkrarlanan hesablamalar nəzərə alınmadan rəqəmsal bankçılığın aktiv istifadəçilərinin sayı 131 milyona çatıb. Mobil və internet bankçılığı vasitəsilə həyata keçirilən pul köçürmələrinin ümumi daxili məhsula nisbəti 66 faiz təşkil edir. FAST və ani ödəniş sistemlərində gündəlik əməliyyat həcmi orta hesabla 4 milyard dolları ötüb. Açıq bankçılıq və API texnologiyalarından istifadə də sürətlə genişlənir”.

Nurullah Bakır texnoloji inkişafların bankçılıq sektorunun fəaliyyət prinsiplərini köklü şəkildə dəyişdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, süni intellekt, açıq bankçılıq, rəqəmsal identifikasiya və yeni nəsil ödəniş sistemləri maliyyə xidmətlərinin göstərilməsində yeni imkanlar yaradır.

“Süni intellekt tətbiqləri kreditlərin qiymətləndirilməsi, dələduzluğun qarşısının alınması, müştəri xidmətləri və risklərin idarə olunması kimi sahələrdə məhsuldarlığı artırır. Açıq maliyyə tətbiqləri və məlumat mübadiləsi isə maliyyə xidmətlərini daha əlçatan və fərdiləşdirilmiş edir. Bununla yanaşı, rəqəmsallaşmanın yeni risklər yaradır. Kiberhücumlar, məlumat təhlükəsizliyi, rəqəmsal dələduzluq və əməliyyat fasilələrinin bankların əsas gündəm məsələlərdəndir. Rəqəmsal transformasiya yalnız texnologiyaya investisiyalarla məhdudlaşmamalı, güclü kibertəhlükəsizlik infrastrukturu və səmərəli tənzimləyici mexanizmlərlə dəstəklənməlidir”, - deyə Türkiyə Banklar Assosiasiyasının rəhbəri qeyd edib.