İğdırda keçirilən beynəlxalq konqresdə Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunur

Noyabrın 24-də Türkiyənin İğdır şəhərində “İpək Yolunun yenidən dirçəlişi” mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, İğdır Universitetinin təşəbbüsü ilə təşkil olunan ikigünlük tədbirdə müxtəlif ölkələrdən siyasi partiya nümayəndələri, diplomatlar, elm xadimləri və ekspertlər iştirak edirlər.

Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə keçirilən konqresdə Zəngəzur dəhlizinin iqtisadi və ticari töhfələri, eləcə də İğdırın strateji mövqeyi müzakirə olunur.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajı səsləndirilib.

İğdır Mədəniyyət Mərkəzində təşkil olunan müzakirələrdə çıxış edən İğdır Universitetinin rektoru Ekrem Gürel bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycanla həmsərhəd rayonlarının strateji əhəmiyyəti artacaq.

“Araz hövzəsi üzrə ortaq layihələrin icrasını, birgə yay düşərgələrinin təşkilini və Beynəlxalq Qafqaz Konqreslərinin ənənəvi hal almasını təklif edirəm”, - deyən rektor Anadolunun şərq bölgələrinin tarix boyunca beynəlxalq əlaqələrdə və ticarətdə vacib rol oynadığını diqqətə çatdırıb.