Dünya getdikcə kəskin hava şəraitlərinə məruz qalır. Yaxın günlərdə Mərkəzi və Şərqi Avropada 22 nəfərin həyatına son qoyan istilik və yanğınlar bunun nəticəsidir.
Trend xəbər verir ki, bu barədə BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin rəhbəri Natalia Alonso Cano Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda dünyada kənd təsərrüfatına yararlı torpaqların 50 faizinə iqlim dəyişikliyi təsir göstərir.
"Biz burada qlobal səviyyədə itkilərə qarşı mübarizə aparmalıyıq və işləri sürətləndirməliyik. Suyun istifadəsi və resursların paylanması strateji yanaşma olmalıdır. Risklərin idarə edilməsi icmalar səviyyəsində aparılmalıdır. Biz gərək dayanıqlı inkişafa sərmayə qoyaq. Bu insanları, torpaqları, gələcəyi qorumaq deməkdir. COP29 çərçivəsində biz bu həll yollarınl daha da dəqiqləşdirə bilərik. Bu bizim üçün çox yaxşı fürsətdir. Bizə lazım olan siyasi iradədir",- deyə o vurğulayıb.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
