COP29  -    Azərbaycan iqlim dəyişikliyi ilə bağlı bir sıra fəsadlarla üzləşib

İqlim dəyişikliyi bizdən təcili tədbirlər tələb edir və hər kəsin həyatına təsir edir.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı bir sıra fəsadlarla üzləşib.

“Kənd təsərrüfatı da zərər görən sahələrdən biridir. Bu sahə bizim sağ qalmağımızı təmin edir. Biz gələcəyə hazır cəmiyyət qurmaq istəyiriksə torpağın sağlamlığını təmin etməliyik. Davamlı su ehtiyyatları qıtlığı yaranır.

Su resurslarının idarə olunması çox vacibdir. Bəzi çətinliklər su qıtlığı ilə bağlıdır. İqlim dəyişikliyində temperaturun artması yağıntıların dinamikasına təsir göstərir. Biz təxminən hər il 12 milyon kubmetr sudan istifadə edirik. Necə etməliyik ki, su qıtlığının qarşısını alaq? Bu haqda düşünməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

 

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.