Dünya miqyasında elektrik şəbəkələrinin müasirləşdirilməsi üçün böyük tələbat var -  SOCAR-ın vitse-prezidenti

Dünya enerji şəbəkələrinin əhəmiyyətli dərəcədə yenilənməsinə ehtiyac duyur.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

"Bütün dünya enerji şəbəkələrinin əhəmiyyətli dərəcədə yenilənməsinə ehtiyac duyur. Şəbəkə enerji saxlama və istehsalın avtomatlaşdırılmış idarəetmə sistemləri üçün daha sürətli həllər tələb edir. Prioritet dispetçerlik üçün müəyyən texnologiyalar, proqram təminatı və müvafiq bacarıqlar lazımdır. Əlavə təhsil resursları və ya onların kombinasiyası tələb olunur. Buna görə də dünya miqyasında şəbəkələrin müasirləşdirilməsi üçün böyük tələbat var ki, bu da, mənim fikrimcə, nəhəng bir fürsətdir", - o vurğulayıb.

Ə.İsayev Azərbaycanın "yaşıl" elektrik enerjisini Avropa bazarlarına göndərməyə imkan verəcək koridorun araşdırılmasına yönəlmiş əhəmiyyətli səylərin olduğunu qeyd edib.

Qeyd edək ki, 30 sentyabr - 4 oktyabr 2024-cü il tarixlərində keçirilən bu həftə Bakıda ilk dəfə təşkil olunur.

 

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Bu tədbir, noyabr ayında Bakıda keçiriləcək COP29 zirvəsi öncəsi iqlim gündəliyinin əsasını təşkil edəcək.

"Iqlim Fəaliyyəti Həftəsi" siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, vətəndaş cəmiyyəti və media kimi müxtəlif sahələrdən əsas maraqlı tərəfləri bir araya gətirəcək.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik dairələr və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda isə (3-4 oktyabr) elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələr ön planda olacaq.

İqlim həftəsi çərçivəsində şəhərin müxtəlif yerlərində çoxsaylı tədbirlər keçiriləcək.