Bakıda gördüyüm müasir memarlıq və şəhərsalma nümunəsi həqiqətən təsirlidir. Şəhərin geniş küçələri, yeni və zövqlə inşa edilmiş binalar, ümumi urbanist görünüşdəki dinamizm böyük inkişafın göstəricisidir. Bu, həm şəhərin estetik cəlbediciliyini artırır, həm də Azərbaycan üçün mühüm modernləşmə mərhələsini əks etdirir. Həmçinin iqlim dayanıqlılığı kontekstində Azərbaycanın gördüyü işlərdə bəzi vacib məqamları qeyd etmək zəruridir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İsrailin Holon Texnologiya İnstitutunun baş müəllimi professor Oded Potchter deyib.
O qeyd edib ki, iqlim dayanıqlığı problemi hazırda yalnız Azərbaycanın deyil, dünyanın bir çox ölkəsinin üzləşdiyi qlobal problemidir.
“Qlobal istiləşmənin əsas səbəbi olan CO2 emissiyalarına diqqət edilməlidir. Elektrik və hibrid avtomobillərin tətbiqi müsbət addımdır, lakin avtomobillərin ümumi sayının kəskin artması bu müsbət təsiri balanslaşdırır. Nəticədə ümumi emissiya səviyyəsi azalmaq əvəzinə sabit qalır və ya daha da artır. Bu, bir daha göstərir ki, texnoloji yeniliklər tək başına kifayət deyil – geniş ictimai maarifləndirmə olmadan nəticə əldə etmək mümkün deyil. Cəmiyyət enerjiyə qənaət etməyin, düzgün istehlak vərdişləri formalaşdırmağın və məsuliyyətli davranışın əhəmiyyətini dərk etməlidir. Digər mühüm məsələ universitetlərin ictimaiyyətlə əlaqəsidir. Bu gün dünyada ali təhsil müəssisələrinin rolu təkcə bilik istehsal etməklə məhdudlaşmır. Universitetlər cəmiyyətə təsir edən əsas maarifləndirici mərkəzlərdir. Ona görə də, universitetlərin cəmiyyətə daha açıq olması, yalnız tələbələr üçün deyil, həm də orta məktəb şagirdləri, bağça uşaqları və geniş ictimaiyyət üçün əlçatan olması vacibdir. Gənc nəsil universitet mühitini görməli, elmi yeniliklərlə tanış olmalı, gələcəyin imkanlarını hiss etməlidir. Bu, həm də onların gələcəkdə elmə, iqlim məsələlərinə və enerjiyə qarşı məsuliyyətli münasibət formalaşdırmasına kömək edəcək”,-deyə professor vurğulayıb.