Qazaxıstandakı faciəyə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib

Qazaxıstan Baş Prokurorluğu Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat verib.

“Inform Buro” nəşrinin yazdığına görə, istintaqçılar hadisə yerinə baxış keçirib, 30-dan çox hərbçini dindirib, sənədləri və videomaterialları götürüb, 12 ekspertiza təyin ediblər.

 

“Xidməti vəzifələrinə etinadsız münasibətdə şübhəli bilinən, habelə meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi qaydada təşkil etməyən və bunun nəticəsində insanların həlak olmasına səbəb olan vəzifəli şəxslər müəyyən edilib”, – deyə məlumatda bildirilir.

Nəzarət orqanı vurğulayıb ki, istintaq bütün şübhəli şəxslərin əməllərinə tam hüquqi qiymət verəcək və onların barəsində prosessual tədbirlər görüləcək.