Rusiyada dəhşət - 10 bölgədə HİV virusu sürətlə yayılır

Rusiyada HİV ( İİV- İnsanın İmmunçatışmazlığı Virusu) ilə yaşayan insanların sayı artır, epidemiya isə ənənəvi risk qruplarının hüdudlarını aşır. 2025-ci ildə 45 min yeni yoluxma halı aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 13,4 faiz azdır.

Bu barədə “Nezavisimaya qazeta” yazır.

40–49 yaşlı kişilər arasında İİV-ə yoluxanların payı 3 faizdən çoxdur. Son 15 ildə İİV-lə yaşayan insanların orta yaşı 32-dən 44-ə yüksəlib. Yeni yoluxma hallarının üçdə ikisi heteroseksual cinsi əlaqələrlə bağlıdır.

 

Tibb müəssisələrində yoluxma halları xüsusi narahatlıq doğurur. Ötən il bu cür yoluxmaların ən yüksək sayı qeydə alınıb. Hazırda Rusiyanın 10 bölgəsində 11 yoluxma ocağı araşdırılır.

Bununla yanaşı, İİV-lə yaşayan insanların yalnız yarısında virus yükü yatırılıb. Nəşrin qiymətləndirməsinə görə, təxminən 600 min insan infeksiyanı başqalarına ötürə bilər.

Müalicə alan xəstələrin 78 faizində virusun yatırılmasına nail olunub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyaya nəzarət etmək üçün “95–95–95” hədəflərinə çatmağı tövsiyə edir. Bu hədəflər infeksiyanın aşkarlanması, müalicə ilə əhatə olunma və virus yükünün yatırılması mərhələlərinin hər birində 95 faizlik göstəriciyə nail olunmasını nəzərdə tutur.