Rövşən Nəcəf barədə hər kəsi təəccübləndirəcək fakt

SOCAR-ın prezidenti Rövşən Nəcəfin adı dünyanın ən yüksək zirvəsi olan Everestə qalxan şəxslərin siyahısında yer alıb.

“High Adventure Expeditions” platformasında “The Himalayan Database” (Himalay verilənlər bazası) məlumatları əsasında dərc olunan siyahıya əsasən, Rövşən Nəcəf 2025-ci il mayın 18-də Everest zirvəsini fəth edib. Həmin vaxt onun 43 yaşı olub.

Məlumatda Rövşən Nəcəfin vətəndaşlığı Azərbaycan, peşə fəaliyyəti isə dövlət qulluqçusu kimi göstərilib. O, 2022-ci ilin iyulundan SOCAR-ın prezidentidir.

Dekabr 2025-ci il tarixinə olan məlumata görə, ümumilikdə 7 563 fərqli şəxs Everest zirvəsinə qalxmağa nail olub. Siyahı “The Himalayan Database” məlumat bazasına əsaslanır.

 

Everest zirvəsinə yüksələn azərbaycanlılar arasında alpinizm sahəsində tanınan şəxslər də var. İsrafil Aşurlu 2007-ci ildə Everestə qalxan ilk azərbaycanlı alpinist olub. O, Azərbaycan Alpinizm Federasiyasının prezidenti və beynəlxalq alpinizm təşkilatlarında rəhbər vəzifələrdə çalışıb.

Siyahıda 2013-cü ildə Everestə qalxan Murad Aşurlunun da adı yer alıb. O, sahibkar və alpinist-tədqiqatçı kimi tanınıb. 2019-cu ildə zirvəyə çatan Vadim Vokryaçko isə informasiya texnologiyaları sahəsini təmsil edir.

Bundan başqa, 2023-cü ildə Everest zirvəsinə yüksələn Elmira Aslanova səyahət agentliyinin sahibidir. O, Everestə qalxan ilk azərbaycanlı qadın kimi tanınır.

Siyahıda bundan başqa 2025-ci ildə Everest zirvəsinə çatan Vəfa Musayeva da yer alır.