Avropa İttifaqı (Aİ) Sığınacaq Agentliyinin 2025-ci ilin iyun ayına olan məlumatına görə, Aİ-nin 17 ölkəsi Gürcüstanı təhlükəsiz hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Paata Salia məlumat verib. Onun sözlərinə görə, bu o deməkdir ki, Gürcüstan insan haqlarının əhəmiyyətli dərəcədə pozulmadığı, qeyri-insani və pis rəftarın olmadığı ölkə hesab edilir. Ədliyyə naziri qeyd edib ki, son vaxtlar Gürcüstandan Avropa İttifaqı ölkələrində sığınacaq axtaranların sayı da kəskin azalıb.
"Son vaxtlar Gürcüstandan Aİ ölkələrinə sığınacaq axtaranların sayı xeyli azalıb. Əgər 2022-ci ildə bu və ya digər Aİ ölkələrinə 28 min Gürcüstan vətəndaşı sığınacaq üçün müraciət etmişdisə, bu rəqəm artıq 65 faiz azalıb", - deyə Salia bildirib.