Müasir beynəlxalq münasibətlərdə iqlim siyasəti artıq yalnız ekoloji məsələ deyil, dövlətlərin iqtisadi və geosiyasi maraqlarını müəyyənləşdirən mühüm amildir. Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) bu baxımdan Azərbaycanın beynəlxalq mövqeyinin və regional tərəfdaşlıqlarının nümayişi üçün də əhəmiyyətli platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Murad Hüseynli deyib. O bildirib ki, sammitdə diqqətçəkən məqamlardan biri Azərbaycan və Türkiyə prezidentləri arasında nümayiş olunan səmimi münasibət olub. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı iştirakı, liderlərin qol-qola görüntülənməsi və səmimi ünsiyyəti iki ölkə arasındakı strateji müttəfiqliyin siyasi ifadəsi kimi qiymətləndirilə bilər. Birinci vitse-prezident Mehriban Əliyevanın da tədbirdə iştirakı Azərbaycanın yüksək səviyyədə təmsilçiliyini tamamlayıb. Bu görüntülər Azərbaycan-Türkiyə münasibətlərinin yalnız rəsmi əməkdaşlığa deyil, qarşılıqlı etimada və yaxın siyasi tərəfdaşlığa əsaslandığını bir daha göstərir.
Murad Hüseynli bildirib ki, Azərbaycanın COP31-də iştirakı 2024-cü ildə Bakıda keçirilmiş COP29-un diplomatik davamı kimi də əhəmiyyətlidir. COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar Azərbaycanın qlobal iqlim gündəliyinə töhfəsini nümayiş etdirdi. Onun sözlərinə görə, hazırda əsas məsələ həmin qərarların real layihələrə və maliyyə mexanizmlərinə çevrilməsidir: “Azərbaycan enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında tarazlığın qorunmasını vacib hesab edir. Ölkəmizin quruda 135, dənizdə isə 157 giqavat bərpaolunan enerji potensialı bu sahədə geniş imkanlar yaradır. Xəzərin külək enerjisi ehtiyatları, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional yaşıl enerji mərkəzinə çevrilməsi perspektivini gücləndirir. Türkiyə ilə strateji müttəfiqlik bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsindən Avropaya uzanan enerji marşrutlarının gələcəkdə yaşıl enerji infrastrukturu ilə tamamlanması iki ölkənin regional və beynəlxalq mövqelərini daha da gücləndirə bilər”.
O əlavə edib ki, COP29 Azərbaycanın qlobal iqlim diplomatiyasındakı mövqeyini möhkəmləndiribsə, COP31 bu mövqeyin yeni tərəfdaşlıqlar və iqtisadi təşəbbüslərlə daha da gücləndirilməsi üçün imkanlar yaradır. Azərbaycanın qarşıdakı dövrdə əsas hədəfi enerji ixracı ilə yanaşı, yaşıl texnologiyalar, enerji tranziti və regional ekoloji təhlükəsizlik sahələrində də aparıcı tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdir.