Dekorativ tətbiqi sənət ustası: İstəyimiz Qarabağın turizm bölgələrində əl işlərimizi sərgiləməkdir

Bərdə şəhər sakini Fatimə Mehdiyeva ixtisasca ingilis dili müəllimi olsa da mədəniyyət sahəsində çalışır. Onun vitraj, ebru, qurama, keramika, mandala kimi dekorativ tətbiqi sənət növləri ilə məşğul olması da mədəniyyətə, incəsənətə olan sevgisindəndir.

AZƏRTAC-ın bölgə müxbiri Bərdədə Fatimə Mehdiyevanın əl işləri ilə tanış olub, uğur hekayəsini dinləyib.

Fatimə Mehdiyeva bildirib ki, ilk əl işləri lentlə düzəltdiyi güllər olub. İşə əvvəlcə həvəskar kimi başlasa da, sonradan professional şəkildə davam etdirib: “O zaman internet, sosial şəbəkələr yox idi. Özümdən dizaynlar düşünür, vərəqlər üzərində cızırdım. Gördüm ki, bu sənət mənə həm də maddi cəhətdən kömək edir. Müəyyən işləri daha peşəkar öyrənmək üçün Bakıda kurslarda iştirak etdim. Əvvəl muncuqlarla bağlı kurslara qatılsam da, sonra məni vitraj və ebru sənəti özünə daha çox cəlb elədi. Beləliklə özümü bu sənətdə tapdım. Bu gün özümü çox xoşbəxt hiss edirəm”.

Bərdə rayonunda keçirilən sərgilərdə əl işlərinin böyük marağa səbəb olması Fatimə xanımın sənətə marağını daha da artırır. O, hazırda müxtəlif tikmələr, keramika, mandala, vitraj, toxumalar, akril boyalarla işləmələr, qurama, ebru ilə yanaşı daşlarla zinət əşyaları da hazırlayır. Zinət əşyalarını gələcəkdə “ZAFA Gallery” brendi ilə tanıtmaq istəyir.

Fatimə xanım deyir ki, məşğul olduğu sənət növlərinin hamısı onun üçün doğmadır. Onların içərisində isə ebru sənəti özünəməxsusluğu ilə fərqlənir: “Rənglərin su ilə rəqsinin ən ideal ahəngi olan ebru çox incə, eyni zamanda zövqverici bir sənətdir. Nə qədər gözəllik verə bilsən götürür. Ebrunu rayona gətirməkdə məqsəd həm bu sahəni gənc nəslə öyrətmək, həm də rəsmləri parça üzərində əks etdirməklə satışını həyata keçirməkdir. Ebrudan hazırlanan libasların, şalların, çantaların satışından gəlir əldə etmək olar. Bu sahədə yeniliklər etməyi də düşünürük. Məsələn, parça üzərində Xarıbülbül işləməsini həyata keçirmək istəyirik”.

Fatimə Mehdiyeva məşğul olduğu sənət növlərini gənc nəslə də öyrədir. Hazırladıqları əl işlərinin satış coğrafiyası da genişlənir. “Bərdə ilə yanaşı Bakıdan da sifarişlərimiz olur. Yaxın gələcəkdə Türkiyə Respublikasına da satış nəzərdə tutulur. Vitraj, keramika, muncuqdan olan əl işlərimizə baxılıb, bəyənilib. Daha çox tələbat milliliyi əks etdirən xırda muncuqla işləmələrə və keramika qablaradır. Yanımda Qarabağın müxtəlif bölgələrindən olan xanımlar çalışır. İstəyirik ki, Qarabağla bağlı yeniliklər edək. Bu istiqamətdə ideyalarımız var. Düşünürəm ki, az bir vaxtda bunları ərsəyə gətirəcəyik. İstəklərimizdən biri də gələcəkdə Qarabağın turizm bölgələrində əl işlərimizi sərgiləməkdir” – deyə, Fatimə Mehdiyeva bildirib.