“Azərbaycanda turizm: son illərin dinamikası” bülleteni çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad elmləri doktoru Leyli Allahverdiyevanın müəllifi olduğu “Azərbaycanda turizm: son illərin dinamikası” adlı bülleten işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrin rəyçiləri professor Tərbiz Əliyev və dosent Pərviz Həsənov, elmi redaktoru professor Nazim Müzəffərlidir. İqtisadiyyat İnstitutu Elmi şurasının qərarı ilə çap edilmiş bülletenin buraxılışı üçün məsul şəxs dosent Təbriz Yadigarovdur.

“Azərbaycanda turizm: son illərin dinamikası” bülleteni ölkədə turizm sahəsində baş verən dəyişikliklərin, əldə edilmiş nailiyyətlərin və mövcud inkişaf imkanlarının ümumi analitik icmalıdır. Ölkəmizdə turizm sahəsinin rəqabətqabiliyyətliliyini müqayisəli şəkildə təhlil etmək məqsədilə bülletendə Dövlət Statistika Komitəsinin məlumatları ilə yanaşı, beynəlxalq qurumların statistik bazalarına da müraciət olunub. Bülletendə istinadı göstərilməyən bütün statistik məlumatların, o cümlədən qrafik və diaqramların mənbəyi Dövlət Statistika Komitəsidir.

Dünyanın müxtəlif ölkələrində turizmin rəqabətqabiliyyətliliyini ölçən indekslərin həmin ölkələrin iqtisadi inkişaf səviyyələrinə təsirinin təhlili müəyyən mülahizələr irəli sürməyə imkan verib.

Bülleten turizm iqtisadiyyatı ilə məşğul olan mütəxəssislər və turizm biznesi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.