Yaxın Şərqdə gərginliyin artması və müharibənin daha geniş əraziyə yayılması da neftin qiymətlərinin 100 dolara çatmasına səbəb olmayacaq. AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliyanın “Eni S.P.A” enerji şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi “Əl Ərəbiyə” telekanalına müsahibəsində ifadə edib.
Klaudio Deskalzi Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, neftin qiymətlərinin ilin sonuna qədər 100 dollara çata biləcəyinə inanmadığını bildirib. O əlavə edib: “Hazırda qlobal neft bazarı İranın neft obyektlərinin bombalanacağına inanmır. Bu, mənim müşahidələrimdir. Keçən həftə neft bazarları ABŞ Prezidenti Co Baydenin İsrailin İranın neft obyektlərinə hücumunun müzakirə mövzusu olduğunu irəli sürən şərhləri ilə hərəkətə keçdi; Ağ Evin sonradan bu şərhləri geri götürməsinə baxmayaraq, neftin qiymətləri bu gün də yüksək olaraq qalır. Bu, təkcə qiymətlə bağlı deyil, həm də təhlükəli prosesdir. Yəni, dünya müharibəsi ehtimalı yaranır”.
Deskalzi əlavə edib ki, gərginlik neftin qiymətlərini artıracaq, amma bu artım məhdud diapazonda olacaq. “Bilirsiniz, qlobal bazar da alqoritmlərdən istifadə edir. Beləliklə, indiki şəraitdə qiymətlər 80 dolara qədər arta bilər. Eyni zamanda, neftə tələbat da yüksəkdir”, -deyə “Eni S.P.A” enerji şirkətinin baş icraçı direktoru bildirib. Onun sözlərinə görə, hazırda xam neftə gündəlik tələbat təxminən 103 milyon bareldir, 2025-ci ilin sonunadək bu rəqəm sutkada 104 milyon barel olacaq.
Şirkətin rəhbəri, həmçinin Çinin qlobal enerji istehlakında oynadığı rolu və bunun da neft bazarının proqnozlarına birbaşa təsirini vurğulayıb: “Düşünürəm ki, Çində iqtisadi artım templərini izləmək lazımdır, çünki Çin, hər halda, Hindistanla birlikdə ümumi istehlakın 25 faizinə malikdir”.
Deskalzi son illərdə neft sektoruna qoyulan sərmayələrin həcminin azaldığını da diqqətə çatdırıb. O qeyd edib: “Məsələn, biz hələ 2013-cü ildən bu sektora daha az sərmayə qoyuruq. Deməli, yatağın təbii tükənməsini əvəz edə bilmirik. Bizim yeni sahələrə kifayət qədər sərmayəmiz yoxdur, əlavə ehtiyatlar və ya hasilat yaratmırıq”.