FAO: “Əl-ələ Təşəbbüsü” üzrə kənd-ərzaq investisiyalarına 3 milyard dollardan çox vəsait ayrılıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı mənzil-qərargahında işə başlayan Dünya Ərzaq Forumu çərçivəsində üçüncü “Əl-ələ İnvestisiya Forumu” keçirilir.

AZƏRTAC xəbər verir ki, FAO-nun “Əl-ələ Təşəbbüsü”nün əhəmiyyətindən danışan təşkilatın Baş direktoru Qu Donqyu forumda 29 ölkənin 115 yüksək təsirli kənd təsərrüfatı investisiyalarını geniş potensial tərəfdaşlara təqdim edəcəyini bildirib.

“Maliyyə və investisiya kənd təsərrüfatı sistemlərinin transformasiyasına nail olmaq və davamlı irəliləyişi təmin etmək üçün çox vacibdir”, - deyə Qu Donqyu əlavə edib.

Diqqətə çatdırılıb ki, hazırda 72 ölkənin qoşulduğu “Əl-ələ Təşəbbüsü” indiyədək prioritetləşdirilmiş kənd-ərzaq investisiyalarına 3 milyard dollardan çox vəsait ayrılıb. 2023-cü ildə 114 investisiya layihəsi təqdim edilib. Orta gəlirlilik dərəcəsi 24,5 faiz olmaqla 155 milyon insanı benefisiar kimi hədəfləyən bu layihələrə 16,59 milyard dollar investisiya tələb olunur.

Üçgünlük forum çərçivəsində mümkün investorlarla 400-dən çox görüşün keçirilməsi planlaşdırılır.