Cənubi Koreya əhalisinin 13,9 faizi müharibədə iştirak etmək istəyir

Koreya yarımadasında müharibə olarsa, Cənubi Koreya əhalisinin 7 nəfərdən biri müharibədə döyüşməyi düşünür.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Milli Müdafiə Universiteti əhalinin müharibəyə münasibətini öyrənmək üçün ötən il 1200 nəfər arasında sorğu keçirib. Rəyi soruşulanların 13,9 faizi iki Koreya arasında müharibə başlayarsa, döyüşlərdə iştirak edə biləcəyini bildirib. Oxşar suala 2014-cü ildəki sorğuda respondentlərin 22,7 faizi, 2020-ci ildə isə 20,9 faizi müsbət cavab verib. Sorğuların nəticələri göstərir ki, Cənubi Koreya əhalisi arasında müharibə tərəfdarlarının sayı ildən-ilə azalır.

Sonuncu sorğuda iştirak edənlərin 48,2 faizi döyüşlərdə iştirak etmək isməsə də, arxa cəbhədə orduya dəstək göstərə biləcəyini bildirib. Respondentlərin 27,3 faizi əgər savaş başlayarsa, ölkə daxilində daha təhlükəsiz yerə köçəcəyini, 3,2 faizi isə xaricə gedəcəyini deyib.

Sorğuda iştirak edənlərin 41,6 faizi ölkənin təhlükəsizlik vəziyyətindən narahat olduqlarını deyiblər.

Qeyd edək ki, planetimizdə hökm sürən qeyri-sabitlik fonunda Koreya yarımadasında da vəziyyət gərginləşib. Şimali Koreyanın nüvə-raket fəaliyyətinə cavab olaraq Cənubi Koreyanın ABŞ ilə birgə hərbi təlimləri, Şimali Koreyadan cənuba hava şarları ilə tullantıların göndərilməsi, son olaraq Pxenyanın Cənubi Koreyanı düşmən dövlət elan etməsi və iki Koreya arasındakı nəqliyyat bağlantılarını dağıtması vəziyyəti gərginləşdirib. Bəzi ekspertlər Koreya yarımadasında müharibə ehtimalının yüksək olduğunu düşünür.