Moldova Prezidenti Maya Sandu keçirdiyi brifinqdə bildirib ki, onun rəhbərlik etdiyi ölkə seçkilər günü və son aylar demokratiyaya hücumlarla üzləşib.
AZƏRTAC “Moldpress” agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı deyib: “Dələduzluğun miqyası ağlagəlməz idi. Biz səsvermənin yekun nəticələrini gözləyirik və müvafiq qərarlar qəbul edəcəyik”.
Maya Sandu daha sonra qeyd edib: “Cinayətkar qruplar bizə düşmən olan xarici qüvvələrlə birlikdə ölkəmizi qeyri-sabitlik zolağına salmaq üçün on milyonlarla avrodan, təbliğatdan, ən çirkin vasitələrdən istifadə edərək dövlətimizə qarşı hücuma keçdilər. Kriminal dəstələrin məqsədinin 300 min səs almaq olduğuna dair əlimizdə sübut və məlumatlar var. Görünməmiş dələduzluq miqyası olub. Məqsəd demokratik seçkiləri təhlükəyə atmaq idi. Biz azadlığı və demokratiyanı müdafiə etməyə davam edəcəyik”.
Prezident bildirib ki, hakimiyyət seçkilərin yekun nəticələrini gözləyir və qərarlarla qayıdacaq.
Bazar günü, oktyabrın 20-də Moldova Respublikasında prezident seçkiləri və Moldovanın Aİ-yə daxil olması ilə bağlı Konstitusiya referendumu keçirilib.
Səsvermə başa çatdıqda, 1 277 683 səs (protokolların 91,89 faizi) hesablandıqdan sonra seçicilərin 46,71 faizi (597 201) Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının lehinə, 53,28 faizi (681 415) isə əleyhinə səs verib.
İlkin nəticələrə görə, 1 milyon 318 min 195 səs (protokolların 90 faizi) sayıldqdan sonra hazırkı Prezident Maya Sandu 38,22 faiz (504 min 133), ikinci yerdə olan Sosialist Partiyasının namizədi Aleksandru Stoyanoqlo 28,59 faiz (377,43) səs toplayıb. Üçüncü yerdə 13,70 faiz (181 199) səslə “Bizim Partiya”nın lideri Renato Usatı qərarlaşıb.